Ziyafət Əsgərov: Süni intellekt və yeni texnologiyalar qlobal güc balansını yenidən formalaşdırır


Süni intellekt, kiber imkanlar və yeni nəsil texnologiyalar qlobal güc balansını yenidən formalaşdırır, kibertəhdidlər isə heç bir dövlətin təkbaşına qarşısını ala bilməyəcəyi qlobal xarakter daşıyır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, texnoloji transformasiya yalnız təhlükəsizlik mühitini deyil, həm də dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini dəyişir.
“Bu texnoloji transformasiya yalnız təhlükəsizlik mühitini deyil, həm də dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini kökündən dəyişir”, – deyə Z.Əsgərov vurğulayıb.
O qeyd edib ki, belə bir şəraitdə kiberdiplomatiya dövlətlərin kiberməkanda məsuliyyətli davranışının təşviqi, transsərhəd risklərin idarə olunması və qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından mühüm strateji alətə çevrilir.
Vitse-spiker bildirib ki, süni intellektin sürətli inkişafı informasiya müharibələri, kiberhücumların mənbəyinin müəyyənləşdirilməsi və kritik infrastrukturların mühafizəsi sahəsində yeni çağırışlar yaradır. Eyni zamanda, iri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri strateji müstəqilliklə beynəlxalq tərəfdaşlıq arasında yeni balans tapmağa vadar edir.
Z.Əsgərovun sözlərinə görə, rəqəmsal texnologiyalar iqtisadi inkişafın, sosial rifahın və idarəetmə sistemlərinin ayrılmaz hissəsinə çevrilsə də, texnoloji tərəqqi kiberhücumların miqyasının genişlənməsi, kritik infrastrukturlara yönələn təhdidlər və hibrid müharibə elementləri kimi riskləri də artırır.
O, mövcud çağırışların kibertəhlükəsizlik sahəsində yeni idarəetmə və beynəlxalq əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını zəruri etdiyini diqqətə çatdırıb.
Z.Əsgərov Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də mühüm işlərin aparıldığını bildirib.