Zəfərin işığında canlanan gözəl diyar


Müqəddəs Vətən torpağı xalqın tarixini, yaddaşını və mənəvi dünyasını özündə yaşadır. Bu torpaqlar içərisində elə yaşayış məskənləri ki, onların taleyi bütöv bir xalqın sevincinə, kədərinə, mübarizəsinə və qüruruna çevrilir. Ağdam da Azərbaycanın taleyində belə xüsusi yeri olan qədim yurd yerlərimizdəndir. Uzun illər işğalın ağrı-acısını yaşayan, azadlıq gününü gözləyən bu şəhər 2020-ci il 20 noyabr günündə azadlığına qovuşaraq yeni tarix yazdı.
Məhz buna görə 20 noyabr Azərbaycan xalqının yaddaşında əlamətdar günlərdən biridir. Bu tarix Ağdamın yenidən öz sahibinə qovuşduğu, uzun illər həsrətində olduğu azadlığa çatdığı gündür. Ağdam Şəhəri Günü təkcə bir şəhərin qurtuluşunun deyil, həm də milli iradənin, tarixi ədalətin və qayıdış arzusunun gerçəkləşməsinin təntənəsidir.
Bu gün Ağdamın adını çəkərkən insanın düşüncəsində bir-birindən fərqli, lakin bir-birini tamamlayan mənzərələr canlanır. Bir tərəfdə tarixi abidələri, zəngin mədəniyyəti, qaynar ictimai həyatı və qonaqpərvər insanları ilə tanınan qədim Qarabağ şəhəri, digər tərəfdə isə işğal illərində viran qoyulmuş, dağıdılmış, lakin ruhu və kimliyi məhv edilməmiş bir məskən dayanır. İndi isə bu mənzərələrə üçüncü bir səhifə əlavə olunub: yenidən qurulan, müasir inkişaf yoluna qədəm qoyan və sakinlərini doğma ocaqlarına səsləyən yeni Ağdam.
Ağdam Qarabağın qədim yaşayış məskənlərindən biri, Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus yeri olan şəhərdir. Şəhərin əsası XVIII əsrdə qoyulmuşdur. Qarabağ xanlığı dövründən etibarən mühüm yaşayış məntəqəsi kimi formalaşan Ağdam zaman keçdikcə bölgənin iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Pənah xanın İmarəti, Pənah xanın və Xanoğlunun türbələri, qədim məscidlər, digər memarlıq və tarixi abidələr Ağdamın zəngin keçmişindən xəbər verirdi. Şəhərin tanınmış Çörək Muzeyi də onun mədəni həyatının maraqlı nümunələrindən biri idi. Bütün bunlar Ağdamı sadəcə yaşayış məntəqəsi deyil, tarixi və mədəni yaddaşın qorunduğu mühüm məkan kimi səciyyələndirirdi.
Lakin XX əsrin sonlarında regionda baş verən hadisələr bu qədim şəhərin taleyini ağır sınaqlarla üz-üzə qoydu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal edildi. Bununla da şəhərin dinc həyatı dayandı, minlərlə insan öz doğma evindən didərgin düşdü. İşğal nəticəsində Ağdamın yaşayış binaları, sosial obyektləri, mədəniyyət müəssisələri və tarixi abidələri böyük dağıntılara məruz qaldı.
Azərbaycan xalqının uzun illər davam edən mübarizəsi, dövlətimizin güclənməsi, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi və milli birliyimizin möhkəmlənməsi torpaqlarımızın azadlığı üçün həlledici zəmin yaratdı. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Döyüş meydanında əldə olunan uğurlar Ermənistanı kapitulyasiya xarakterli üçtərəfli bəyanatı imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycana qaytarıldı. Beləliklə, təxminən 27 illik işğala son qoyuldu. Ağdamın azad edilməsi Vətən müharibəsində qazanılmış tarixi Qələbənin məntiqi nəticələrindən biri oldu.
Bu hadisənin özünəməxsus xüsusiyyəti də var idi. Ağdam döyüş əməliyyatları aparılmadan və itki verilmədən Azərbaycana qaytarıldı. Lakin bu nəticə öz-özünə əldə edilməmişdi. Onun arxasında Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti dayanırdı.
23 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı Azərbaycan bayrağını ucaltması Ağdamın yeni tarixinin başlanğıcını simvolizə edən mühüm hadisə oldu.
Ağdamın azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addımın atılması ilə bərabər həm də illərlə doğma yurda qayıtmaq arzusu ilə yaşayan insanların ümidləri yenidən canlandı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi hadisənin əbədiləşdirilməsi, gələcək nəsillərin yaddaşında yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İşğal dövründə şəhərin üzləşdiyi dağıntıların miqyası olduqca böyük idi. Buna görə də bərpa prosesi yalnız ayrı-ayrı binaların inşası ilə məhdudlaşa bilməzdi. Yeni Ağdamın müasir şəhərsalma prinsipləri əsasında qurulması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi, nəqliyyat infrastrukturunun yaradılması, yaşayış və ictimai məkanların kompleks şəkildə planlaşdırılması əsas prioritetlərə çevrildi.
Ağdam Sənaye Parkının yaradılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sənaye parkı bölgədə istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və iqtisadi fəallığın artırılması üçün əlverişli imkanlar yaradır. Nəticədə Ağdam tədricən həm yaşayış məkanı kimi həm də Qarabağın mühüm iqtisadi mərkəzlərindən biri kimi formalaşır.
Şəhərin tarixi-mədəni irsinin qorunması da yenidənqurma prosesinin vacib istiqamətlərindəndir. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksində aparılan işlər, tarixi abidələrin qorunması və Ağdam Muğam Mərkəzinin yaradılması şəhərin mənəvi simasının yenidən canlandırılmasına xidmət edir.
Xüsusilə Muğam Mərkəzinin fəaliyyəti Ağdamın musiqi ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Çünki Ağdamın kimliyini müəyyən edən əsas xüsusiyyətlərdən biri də onun zəngin muğam və sənət mühitidir. Şəhərin yenidən qurulması həm də bu mədəni irsin yaşadılması deməkdir.
27 mart 2025-ci ildən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması Qayıdış proqramında mühüm mərhələ oldu. Yeni mənzillərin sakinlərinə təqdim edilməsi, sosial infrastrukturun istifadəyə verilməsi və yaşayış şəraitinin yaradılması Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.
Ağdamın yenidən qurulması həm də dünyaya mühüm mesajdır: dağıdılmış şəhərlər yenidən qurula, pozulmuş həyat bərpa edilə, insanların ruhunda yaşayan ümidlər gerçəkləşə bilər. Bunun üçün siyasi iradə, iqtisadi imkanlar, milli birlik və gələcəyə inam lazımdır.
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Bu əlamətdar gündə Ağdam uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq. Onların Vətən qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq.
Nemət Məmmədov
Yasamal rayonu ərazi partiya təşkilatının sədr müavini.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi.