Macarıstandakı Azərbaycan Dil və Mədəniyyəti Mərkəzinin direktoru: “Gənclərin kibertəhlükələrdən qorunması mühüm əhəmiyyət daşıyır”


Azərbaycan Dillər Universitetinin Macarıstandakı Eötvös Lorand Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Azərbaycan dilinin qorunması və milli mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət göstərir.
Bu barədə mərkəzin direktoru Fərqanə Bayramlı ANZ.AZ-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, mərkəzin fəaliyyəti Azərbaycanla digər ölkələr arasında mədəni əlaqələrin inkişafına xidmət edir.
“Biz mərkəzimizdə Azərbaycan dilinin saflığının qorunması və mədəniyyətimizin dünyada tanıdılması üçün çalışırıq. Bu fəaliyyət bizim üçün mədəniyyət diplomatiyası, ölkələr arasında körpü rolunu oynayır. Cənab Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur. Bu məqsədlə həm əcnəbi tələbələrə, həm də xaricdə yaşayan azərbaycanlı ailələrə Azərbaycan dili dərsləri keçirik”, – deyə o bildirib.
Mərkəz direktoru qeyd edib ki, Macarıstanda Azərbaycanın mədəniyyət günləri də təşkil olunur. Həmin tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinə Azərbaycan musiqisi, ədəbiyyatı və milli mətbəxi təqdim edilir.
Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın əhəmiyyətindən danışan müsahib bildirib ki, müasir dövrdə gənclərin kibertəhlükəsizliyi xüsusi diqqət tələb edir.
“Biz tələbələrlə, gənclərlə işləyirik. Gənclər sosial şəbəkələrdə çox vaxt keçirirlər və müxtəlif kibertəhlükələrlə üzləşə bilərlər. Buna görə də kiberdiplomatiya və kibertəhlükəsizlik məsələləri bizim fəaliyyətimiz baxımından da mühüm əhəmiyyət daşıyır. Bu gün kibertəhlükəsizliyə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək bizim üçün çox vacibdir”, – deyə mərkəzin direktoru vurğulayıb.
