Zəfərə aparan vətənpərvərlik

4 dəq oxu
Xəbər
06 noyabr 2026 16:05
962
İnsan kapitalına qoyulan sərmayənin nəticələri yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bilikli, bacarıqlı və məsuliyyətli insanların yetişməsi ölkənin həm gündəlik inkişafında, həm də mühüm tarixi sınaqlar qarşısında dayanıqlığında əhəmiyyətli rol oynayır. Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində insan kapitalının inkişafına, peşəkar kadrların hazırlanmasına və gənclərin vətənpərvər ruhda yetişdirilməsinə yönəlmiş dövlət siyasəti tarixi Qələbəmizin mühüm dayaqlarından biri oldu.
Bu fikirlər gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin “Zəfərə aparan vətənpərvərlik” sərlövhəli məqaləsində əksini tapıb.
Peşəkarlıq dövlətçilik düşüncəsinin tərkib hissəsi kimi
Azərbaycanın müasir dövlətçilik tarixində bu prinsiplərin əsasını Ulu Öndər Heydər Əliyevin fəaliyyəti təşkil edir. Onun müstəqilliyin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində gördüyü işlər Vətənə sədaqətlə güclü idarəçiliyin vəhdətini nümayiş etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun davam etdirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, insan kapitalının inkişafına verilən önəm dövlətçilik ənənələrinin müasir mərhələsini formalaşdırıb.
Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gənclərin peşəkar yetişməsinin vacibliyini vurğulayaraq deyib: “Gənclər peşəkar olmalıdırlar”. Dövlət başçısı bilik və savadla yanaşı, milli dəyərlərə bağlılığın və dövlət maraqlarının qorunmasının əhəmiyyətini də diqqətə çatdırıb.
Bu yanaşma göstərir ki, ölkənin inkişafı üçün həm milli maraqlara sadiq, həm də üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirə bilən kadrlara ehtiyac var.
2019-cu il iyulun 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi də perspektivli idarəçi kadrların müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının formalaşdırılması məqsədi daşıyır. 2021-ci ildə qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətli insan kapitalının formalaşdırılması və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi bu sahənin strateji əhəmiyyətini göstərir. Dövlət strategiyalarının real nəticələrə çevrilməsi isə peşəkar idarəçilikdən və institusional potensialdan asılıdır. Çünki eyni resurslara malik təşkilatların fəaliyyət nəticələri çox vaxt rəhbərlərin qərarvermə bacarığı, məsuliyyətə münasibəti və komandanı idarə etmək qabiliyyəti ilə fərqlənir.
Mənbə
1 mənbə



