“Yunanıstan yeni təhdidlər fonunda hərbi potensialını gücləndirir” - Mitsotakis


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkənin müdafiə qabiliyyətini artırmaq, hərbçilərin maaşlarını yüksəltmək və mənzil təminatı sahəsində dəstək tədbirlərini genişləndirmək vəd edib.
Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.
Mitsotakis şənbə günü Yunanıstan Silahlı Qüvvələri Günü münasibətilə yayımladığı sosial media müraciətində bu günü hərbçilər üçün “milli minnətdarlıq günü” adlandırıb. O, xidməti vəzifələrini yerinə yetirərkən həlak olanların xatirəsini ehtiramla yad edib, məsuliyyət, yüksək döyüş ruhu və peşəkarlıq nümayiş etdirərək xidmətini davam etdirən hərbçilərə minnətdarlığını bildirib.
Hökumət başçısı Yunanıstanın silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirilməsini davam etdirdiyini qeyd edib. O, xüsusilə yeni “Belharra” sinfinə məxsus freqatları, “Rafale” qırıcılarını, modernləşdirilmiş F-16 “Viper” təyyarələrini və “Romeo” helikopterlərini xatırladıb.
Bundan əlavə, Yunanıstan ordusunun silahlanmasına “Axilles qalxanı” hava hücumundan müdafiə sistemi, yerli istehsal olan PUA-lar və F-35 qırıcıları daxil edilməlidir.
Mitsotakis vurğulayıb ki, ordunun modernləşdirilməsi hərbi xidmət şəraitinin yaxşılaşdırılması, o cümlədən maaşların artırılması və hərbçilərin mənzil məsələlərinin həllinə dəstək göstərilməsi ilə müşayiət olunmalıdır.
Onun sözlərinə görə, geosiyasi qeyri-sabitlik və yeni təhdidlərin meydana çıxması şəraitində sülhü artıq təminatlı hesab etmək olmaz. “2030 Gündəliyi” müdafiə proqramı çərçivəsində Yunanıstan çəkindirmə imkanlarını gücləndirir. Baş nazir bu imkanları ölkənin suverenliyinin təminatı adlandırıb.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə