Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi


Hər bir siyasi təşkilatın tarixində onun yaranmasını zəruri edən ictimai-siyasi şərait, qarşıya qoyduğu məqsədlər və zamanla formalaşdırdığı fəaliyyət prinsipləri xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının yaranması da Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və məsuliyyətli dövrünə təsadüf etmişdir. 1992-ci ilin noyabrında ölkədə hökm sürən siyasi qeyri-sabitlik, dövlət idarəçiliyindəki böhran və müstəqilliyin gələcəyi ilə bağlı yaranmış ciddi narahatlıqlar xalqın böyük əksəriyyətini ölkəni bu çətin vəziyyətdən çıxara biləcək siyasi liderə və güclü təşkilata ehtiyac ətrafında birləşdirmişdi. Məhz belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü irəli sürüldü. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə partiyanın əsası qoyuldu və Ulu Öndər Heydər Əliyev onun Sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və gələcək inkişafının təmin edilməsi istiqamətində mühüm siyasi iradənin təzahürü idi.
Yarandığı gündən etibarən Yeni Azərbaycan Partiyası cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək geniş xalq dəstəyi qazandı. Partiyanın müəyyən etdiyi siyasi xətt milli maraqlara, güclü dövlətçilik ənənələrinə, ictimai-siyasi sabitliyə və sosial ədalət prinsiplərinə əsaslanırdı. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi sayəsində YAP qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Sonrakı illərdə partiyanın fəaliyyəti dövlət quruculuğu prosesləri, iqtisadi və sosial inkişaf, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli birliyin qorunması ilə sıx bağlı oldu. Bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilərək daha da zənginləşdirildi. Bu gün 769 811 üzvü birləşdirən Yeni Azərbaycan Partiyası geniş sosial bazaya və güclü təşkilati potensiala malikdir. Müxtəlif peşə sahələrini, yaş qruplarını və ictimai təbəqələri təmsil edən üzvlərin vahid siyasi təşkilat ətrafında birləşməsi partiyanın cəmiyyətdəki nüfuzunun və ictimai dayaqlarının göstəricisidir. Partiya üzvlərini səciyyələndirən başlıca xüsusiyyətlər Vətənə sadiqlik, dövlətçilik maraqlarına bağlılıq və ümummilli məqsədlərə sədaqətlə xidmət etməkdir. Bu keyfiyyətlər üzvlərin gündəlik fəaliyyətində, ictimai təşəbbüslərində, çalışdıqları sahələrdə məsuliyyətli mövqelərində və ölkənin inkişafına verdikləri töhfələrdə özünü göstərir. YAP üzvü olmaq yalnız müəyyən siyasi təşkilata mənsubiyyət deyil, həm də Azərbaycanın gələcəyinə, dövlətin inkişafına və milli maraqların qorunmasına görə məsuliyyət daşımaq deməkdir. Yeni Azərbaycan Partiyasının ideoloji və siyasi fəaliyyətinin əsas istiqamətləri onun Proqramında əksini tapan on strateji dəyər və prinsip əsasında müəyyənləşdirilib. Bu sistemin təməlində dayanan Heydər Əliyev yolu dövlətçilik ənənələrinin qorunmasını, milli maraqlara əsaslanan siyasətin davam etdirilməsini və ölkənin hərtərəfli inkişafını nəzərdə tutur. Müstəqillik və azərbaycançılıq prinsipləri milli kimliyin, dövlət suverenliyinin və xalqın birliyinin qorunmasını, dövlətçilik və qanunun aliliyi isə güclü dövlət idarəçiliyinin, hüquqi münasibətlərin və ictimai məsuliyyətin möhkəmləndirilməsini ifadə edir. Varislik və təkamül prinsipi əldə edilmiş təcrübənin qorunmaqla yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsini, konstruktiv əməkdaşlıq və dialoq isə müxtəlif mövqelər arasında qarşılıqlı anlaşmanın və sağlam siyasi münasibətlərin formalaşdırılmasını nəzərdə tutur. Proqramda yer alan sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı prinsipləri də partiyanın siyasi dəyərlər sistemində mühüm yer tutur. Bu istiqamətlər insan hüquq və azadlıqlarına hörmətin, sosial rifahın yüksəldilməsinin, cəmiyyətdə bərabər imkanların yaradılmasının, müxtəlif mədəniyyət və dünyagörüşlərinin qarşılıqlı anlaşma şəraitində yaşamasının vacibliyini ifadə edir. Demokratik ənənələrin inkişafı isə ictimai iştirakçılığın genişləndirilməsi, siyasi mədəniyyətin yüksəldilməsi və dialoq mühitinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bütün bu prinsiplər ayrı-ayrı istiqamətlər kimi deyil, Azərbaycanın milli inkişaf məqsədlərinə xidmət edən vahid siyasi dəyərlər sistemi kimi çıxış edir. Partiyanın ideoloji prinsipləri ilə yanaşı, onun daxilində sağlam təşkilati mühitin və səmərəli əməkdaşlıq münasibətlərinin formalaşdırılması da xüsusi diqqət tələb edir. Partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlərə hörmətdir. Peşəkarlıq və işgüzarlıq üzvlərin üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasını, şəxsi inkişaf isə bilik və bacarıqlarını daim artırmasını nəzərdə tutur. Sağlam rəqabət təşəbbüskarlığın və fəallığın yüksəldilməsinə şərait yaradır, etik davranış və milli dəyərlərə hörmət isə qarşılıqlı münasibətlərdə etimadın, hörmətin və mənəvi məsuliyyətin qorunmasına xidmət edir. İnnovativ inkişaf və kreativlik, elmlilik və müasirlik də partiyadaxili münasibətlərin və təşkilati fəaliyyətin vacib meyarları sırasındadır. Müasir dövrdə siyasi təşkilatların qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi yeni yanaşmaların tətbiqini, müasir bilik və texnologiyalardan istifadəni, təşəbbüslərin dəstəklənməsini və dəyişən ictimai tələblərə çevik münasibət göstərilməsini zəruri edir. Bu baxımdan partiya üzvlərinin intellektual potensialının artırılması, analitik düşüncə və yaradıcılıq imkanlarının inkişaf etdirilməsi təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına kömək edir. Sağlam mənəvi mühit, qarşılıqlı hörmət və peşəkar münasibətlər isə bütün bu keyfiyyətlərin real fəaliyyətə çevrilməsi üçün zəmin yaradır. Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, dövlətçilik maraqlarının qorunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Partiyanın çoxsaylı üzvlərini birləşdirən ortaq dəyərlər və prinsiplər onun gələcək inkişafının da əsasını təşkil edir.
Qüdrət Hüseynov, YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilat sədri
1 mənbə