Yeni Azərbaycan Partiyası – tarixi Zəfərimizin möhkəm siyasi təməli


Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, müasir dövlətçiliyimizin formalaşmasında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya ölkəmizin ən çətin və taleyüklü günlərində xalqın ümid və inam ünvanına çevrilmiş, milli birliyin, siyasi sabitliyin və güclü dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rol oynamışdır. Həmin dövrdə müəyyənləşdirilən siyasi strategiya Azərbaycanın gələcək inkişafının, müstəqilliyinin möhkəmləndirilməsinin və qüdrətli dövlətə çevrilməsinin əsasını təşkil etmişdir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında vurğuladığı kimi, bugünkü tarixi Zəfərimizin möhkəm təməli məhz Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə qoyulmuşdur. Bu fikir partiyanın yaranma səbəblərini, keçdiyi tarixi yolu və müasir Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdəki rolunu aydın şəkildə ifadə edir. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaradılması təkcə siyasi təşkilatın təsis edilməsi deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, milli maraqların qorunmasına və tarixi Zəfərə aparan yolun başlanğıcına çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın və bütövlükdə ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla, Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini və qarşıda duran strateji vəzifələri müəyyənləşdirmişdir. Qurultayın tarixi əhəmiyyətini artıran əsas məqamlardan biri onun Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilməsi idi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışında bu tarixi reallığa xüsusi diqqət çəkərək bildirmişdir ki, Azərbaycan artıq tamamilə yeni ictimai-siyasi və geosiyasi şəraitdə fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik strategiyasının əhəmiyyətini dövlət başçısı çıxışında bir daha vurğulamışdır. Qeyd edilmişdir ki, zaman keçdikcə taktiki və strateji hədəflər dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi fundamental prinsiplər dəyişməz olaraq qalır. Bu prinsiplər Azərbaycanın bugünkü inkişafının əsasını təşkil etməklə yanaşı, gələcək uğurlarının da mühüm təminatıdır.
VIII Qurultayda səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi sabitliyin, milli həmrəyliyin və dövlət təhlükəsizliyinin qorunmasında mühüm siyasi qüvvədir. Partiyanın keçdiyi tarixi yol, qazandığı təcrübə və cəmiyyətin müxtəlif təbəqələrini ətrafında birləşdirmək imkanları onun Azərbaycanın siyasi həyatındakı aparıcı mövqeyini şərtləndirir.
Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Bu gün partiyamızın gücü, ilk növbədə, Heydər Əliyev ideyalarına, möhkəm təşkilati dayaqlara, xalqın etimadına və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə əsaslanır. Dünən Azərbaycanın taleyüklü məqamında tarixi məsuliyyəti öz üzərinə götürən və Ulu Öndərin ətrafında birləşən Yeni Azərbaycan Partiyası bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və qarşıya qoyulan məqsədlərin reallaşmasına öz töhfəsini verir.
VIII Qurultayda müəyyənləşdirilən strateji vəzifələr bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənmir, daim yenilənir, müasir çağırışlara uyğun fəaliyyətini təkmilləşdirir və ölkəmizin gələcək inkişafında aparıcı siyasi qüvvə kimi çıxış edir. Qarşıdakı dövrdə də partiya üzərinə düşən vəzifələri əzmkarlıqla və məsuliyyətlə yerinə yetirərək milli tərəqqiyə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və cəmiyyətimizin inkişafına mühüm töhfələr verəcəkdir.
Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin, milli birliyinin və davamlı inkişafının etibarlı siyasi dayağı olacaqdır. Partiyanın dünənə söykənən tarixi təcrübəsi, bu günə hesablanmış fəaliyyəti və gələcəyə yönəlmiş strateji baxışı Azərbaycanın yeni uğurlarının və qələbələrinin təmin olunmasında mühüm rol oynayacaqdır.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri
