Yeni Azərbaycan Partiyası milli həmrəyliyin siyasi sütunudur

Yeni Azərbaycan Partiyası milli həmrəyliyin siyasi sütunudur - Heydər Əsədov Tarix: 19-11-2026 | Saat: 13:31 Bölmə:Manşet / Siyasət | çapa göndər
Hər bir dövlətin inkişafında siyasi sabitliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və cəmiyyətin ümumi məqsədlər ətrafında birləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Müstəqilliyini bərpa etmiş Azərbaycanın mürəkkəb tarixi mərhələlərdən keçərək bu gün güclü və nüfuzlu dövlətə çevrilməsində bu amillər həlledici rol oynayıb. Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də təsis olunması da məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. Bu hadisə milli dövlətçilik maraqlarını müdafiə edən, xalqın iradəsini ifadə edən siyasi qüvvənin formalaşması baxımından mühüm mərhələ oldu.
Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki səriştəsizlik, torpaqlarımızın işğalı və cəmiyyətdə ümidsizlik Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıq yaradırdı. Belə bir şəraitdə xalq ölkəni ağır vəziyyətdən çıxarmağa qadir liderin ətrafında birləşməyə ehtiyac duyurdu. Müxtəlif bölgələri təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi Ona olan xalq inamının və siyasi nüfuzunun parlaq ifadəsi idi.
YAP qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini, ziyalıları, gəncləri, qadınları və dövlətçilik mövqeyini bölüşən insanları öz ətrafında birləşdirdi. Partiyanın fəaliyyətinin əsasını müstəqilliyin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və xalqın rifahının yüksəldilməsi kimi ümummilli məqsədlər təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən fundamental islahatlar, hüquqi dövlət quruculuğu və beynəlxalq mövqelərin gücləndirilməsi Azərbaycanın müstəqil inkişafının möhkəm təməlini yaratdı.
Heydər Əliyevin siyasi irsi bu gün də Yeni Azərbaycan Partiyasının ideoloji əsasını təşkil edir. Onun müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsi milli maraqlara sədaqət, siyasi məsuliyyət və xalqla hakimiyyət arasında etimad prinsiplərinə söykənir. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın tarixi missiyasını və gələcək inkişaf potensialını dolğun ifadə edir.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. İqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi, sosial müdafiənin gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi ölkənin hərtərəfli tərəqqisinə xidmət etmişdir. 2005-ci il martın 26-da keçirilən YAP-ın III Qurultayında Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun yeni dövrün tələblərinə uyğun davam etdirilməsinin mühüm göstəricisi oldu.
Partiyanın təşkilati yenilənməsi baxımından 2021-ci il martın 5-də keçirilən VII Qurultay xüsusi əhəmiyyət daşıdı. Həmin ilin dekabrın 29-da təsdiqlənən yeni Proqramda güclü dövlət, dayanıqlı iqtisadi inkişaf, sosial rifah, insan kapitalının yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və vətəndaş həmrəyliyi əsas prioritetlər kimi müəyyənləşdirildi.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər milli birliyin və dövlətçilik iradəsinin gücünü nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, 2023-cü il sentyabrın 20-də isə suverenliyinin tam təmin edilməsi müasir tariximizin ən möhtəşəm nailiyyətlərindəndir. Bu tarixi hadisələr xalqımızın həmrəyliyinin, ordumuzun qüdrətinin və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir.
Yeni siyasi reallıqlar YAP-ın qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. Bu baxımdan 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay xüsusi əhəmiyyət daşıdı. Qurultayda Prezident İlham Əliyev ideoloji təhlükəsizliyin, təhsilin, bilik və vətənpərvərliyin cəmiyyətin yad təsirlərdən qorunmasında rolunu vurğuladı. Eyni zamanda, partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, 40 nəfərdən ibarət İdarə Heyətinin və 13 nəfərdən ibarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirildi. Qurultaya hazırlıq çərçivəsində 84 yerli təşkilatda hesabat konfranslarının keçirilməsi və 960 nümayəndənin seçilərək tədbirdə iştirakının təmin olunması partiyanın təşkilati fəaliyyətinin geniş miqyasını və struktur bölmələrinin fəallığını nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyasının müasir dövrdə qarşıya qoyduğu başlıca vəzifələr milli maraqların qorunması, cəmiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi və Azərbaycanın strateji inkişaf prioritetlərinin həyata keçirilməsinə dəstək göstərilməsidir. Partiyanın ictimai-siyasi mövqeyi onun üzvlərinin sayı ilə yanaşı, təşkilati potensialı, dövlətçilik ənənələrinə münasibəti və ictimai proseslərdə iştirakı ilə də müəyyən olunur.
Qarşıdakı dövrdə partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri yeni çağırışlara uyğunlaşmaq, gənc nəslin siyasi və ictimai fəallığını artırmaq, təşəbbüslərin reallaşdırılması üçün geniş imkanlar yaratmaqdır. Azərbaycanın suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə YAP-ın fəaliyyəti də ölkənin inkişaf strategiyasının prioritetləri ilə uzlaşdırılır. Beləliklə, partiyanın gələcək fəaliyyəti dövlətçilik ənənələrinin davam etdirilməsi, milli həmrəyliyin qorunması və Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərin həyata keçirilməsi kontekstində formalaşır.
Heydər ƏsədovMilli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
Dərc vaxtına görə