Yeni Azərbaycan Partiyası – 34 illik siyasi tarix, dövlətçilik və qələbələr yolu


Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün reallıqları ilə məhdudlaşmır, sonrakı onilliklərdə ölkənin inkişaf istiqamətini müəyyənləşdirən mühüm tarixi başlanğıca çevrilir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması da məhz belə hadisələrdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunması, milli həmrəyliyin təmin edilməsi və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi yadda qalıb. 34 il əvvəl Azərbaycan son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitdə yaşayırdı. Dövlət müstəqilliyinin ilk illərində ölkədə hökm sürən qeyri-sabitlik, idarəetmədəki böhran, iqtisadi tənəzzül, torpaqlarımızın işğalı və cəmiyyətdə gələcəyə inamsızlıq dövlətçiliyimizin mövcudluğunu ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə Azərbaycanın siyasi həyatında məsuliyyətli qərarların qəbul edilməsinə, ölkəni böhrandan çıxara biləcək güclü siyasi iradəyə və təcrübəli rəhbərliyə ehtiyac yaranmışdı. Məhz həmin tarixi zərurətdən irəli gələrək Azərbaycanın tanınmış ziyalıları və nüfuzlu şəxsləri Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını təklif etdilər. Bu müraciət əslində, cəmiyyətin müxtəlif təbəqələrində formalaşmış ümumi gözləntinin, sabitliyə və güclü dövlət idarəçiliyinə olan ehtiyacın ifadəsi idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı və Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, YAP yalnız yeni siyasi təşkilat kimi deyil, Azərbaycanın müstəqilliyini qorumağı, dövlətçiliyini möhkəmləndirməyi və xalqın gələcəyinə inamı bərpa etməyi qarşıya məqsəd qoyan siyasi qüvvə kimi meydana çıxdı. Partiyanın yaranması ilə bağlı əsas məqam onun cəmiyyətin real tələbatından doğması, müxtəlif dünyagörüşünə və sosial təbəqələrə mənsub insanları ümummilli maraqlar ətrafında birləşdirməsi idi. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri bu tarixi hadisənin mahiyyətini və sonrakı inkişaf prosesləri ilə əlaqəsini aydın şəkildə ifadə edir. Həqiqətən də, 1992-ci ilin noyabrında atılan siyasi addım sonrakı illərdə Azərbaycanın dövlətçilik tarixində baş verən mühüm dəyişikliklərin ideya və təşkilati əsaslarından birinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, dövlət idarəçiliyinin bərpası, siyasi sabitliyin təmin olunması və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Sonrakı mərhələdə iqtisadi inkişafın əsaslarının formalaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya miqyasında özünə layiqli yer tutması üçün mühüm zəmin yaradıldı. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 34 illik tarixini Azərbaycanın müstəqil dövlət kimi formalaşması və inkişafı prosesindən ayrı təsəvvür etmək mümkün deyil. Partiyanın yaranması ilə başlayan siyasi xətt zaman keçdikcə dövlətçilik maraqlarının qorunmasına, milli birliyin möhkəmləndirilməsinə və ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edən geniş siyasi platformaya çevrildi. Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik inkişaf yolunun mühüm xüsusiyyətlərindən biri onun dəyişən dövrün çağırışlarına uyğun olaraq fəaliyyətini yeniləməsi və qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsində fəal iştirak etməsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun davam etdirilməsi partiyanın fəaliyyətində yeni mərhələnin əsasını qoyub. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan əhəmiyyətli inkişaf yolu keçib. Ölkənin beynəlxalq nüfuzu yüksəlib, iqtisadi potensialı güclənib, enerji və nəqliyyat sahələrində strateji layihələr həyata keçirilib. Ən əsası isə uzun illər Azərbaycanın qarşısında duran ərazi bütövlüyünün və suverenliyin bərpası kimi tarixi vəzifə həllini tapıb. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyimizin ölkənin bütün ərazisində tam bərpa olunması Azərbaycan tarixinin ən mühüm hadisələrindəndir. Bu qələbələr güclü dövlət quruculuğunun, düşünülmüş siyasi strategiyanın, iqtisadi və hərbi potensialın, xalq-iqtidar birliyinin və milli iradənin təntənəsi oldu. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini göstərir. Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışında ölkənin son illərdə keçdiyi uğurlu və şərəfli yolda YAP fəallarının böyük payı və töhfəsinin xüsusi vurğulanması da təsadüfi deyil. Çünki siyasi partiyanın gücü yalnız onun rəhbərliyinin müəyyən etdiyi strategiya ilə deyil, bu strategiyanın cəmiyyətə çatdırılmasında, ictimai dəstəyin möhkəmləndirilməsində və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində iştirak edən üzvlərinin fəaliyyəti ilə də ölçülür. YAP-ın respublikanın bütün bölgələrində fəaliyyət göstərən rayon və şəhər təşkilatları, partiya fəalları, gənclər və qadınlar ölkənin ictimai-siyasi həyatında mühüm yer tuturlar. Onların əsas vəzifələrindən biri dövlət siyasətinin mahiyyətini və məqsədlərini cəmiyyətə çatdırmaq, milli maraqların müdafiəsində fəal mövqe nümayiş etdirmək, ictimai həmrəyliyin gücləndirilməsinə töhfə verməkdir. Bu fəaliyyətin səmərəliliyi, ilk növbədə, partiya üzvlərinin üzərlərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən və gündəlik fəaliyyətlərində dövlətçilik prinsiplərinə nə qədər sadiq qalmasından asılıdır. 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayı da partiyanın tarixində yeni mərhələnin mühüm siyasi hadisəsi kimi diqqət çəkir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay ölkənin dəyişən geosiyasi reallıqları və yeni inkişaf hədəfləri fonunda xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında dayanan vəzifələri, dövlət siyasətinin prioritetlərini və Azərbaycanın gələcək inkişaf istiqamətlərini bir daha müəyyənləşdirdi. Bu gün qarşıda duran əsas vəzifələrdən biri qazanılmış tarixi nailiyyətlərin qorunması, azad edilmiş ərazilərin dirçəldilməsi, iqtisadi inkişafın davamlılığının təmin edilməsi, ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi və gələcək nəsillər üçün etibarlı inkişaf mühitinin yaradılmasıdır. Bu proseslərdə siyasi təşkilatların, xüsusilə də ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzərinə mühüm məsuliyyət düşür. 34 il əvvəl Naxçıvanda yaranan siyasi təşkilatın bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olması, geniş üzv bazasını və təşkilati strukturunu formalaşdırması keçilən yolun miqyasını göstərir. Lakin hər bir siyasi təşkilatın tarixi yalnız əldə etdiyi nailiyyətlərlə deyil, həm də qarşısında dayanan yeni çağırışlara nə dərəcədə adekvat cavab verməsi ilə qiymətləndirilir. Bu mənada YAP üçün də əsas məsələ tarixi irsə sadiqliyi müasir dövrün tələbləri ilə uzlaşdırmaq, cəmiyyətlə əlaqələri daha da möhkəmləndirmək və dövlətin strateji hədəflərinin reallaşdırılmasında fəal iştirak etməkdir. Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi həm də Azərbaycanın keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yoluna nəzər salmaq üçün əlamətdar fürsətdir. Bu tarix bir daha göstərir ki, dövlətçilik naminə formalaşan siyasi iradə, milli həmrəylik və ardıcıl fəaliyyət ölkəni çətin sınaqlardan çıxararaq böyük hədəflərə çatdıra bilər. 1992-ci ildə əsası qoyulan siyasi yol bu gün yeni reallıqlar və yeni məqsədlərlə davam edir. Yeni Azərbaycan Partiyasının qarşısında dayanan başlıca vəzifə isə bu tarixi məsuliyyəti qorumaq, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, ölkənin davamlı inkişafına və xalqın rifahının yüksəldilməsinə bundan sonra da töhfə verməkdir.
Cəlal Həsənli YAP Culfa rayon təşkilatının sədr müavini
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
Yeni Azərbaycan Partiyası – 34 illik siyasi tarix, dövlətçilik və qələbələr yolu
Report+20 mənbə