Yeni Azərbaycan Partiyası: 34 illik inkişaf yolu və güclü dövlətçilik salnaməsi


Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik yolunda ilk addımlarını atan gənc respublikada hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşməsi, idarəçilik böhranı, siyasi qeyri-sabitlik və iqtisadi tənəzzül cəmiyyətin gələcəyə olan inamını sarsıdırdı. Belə bir şəraitdə Azərbaycan xalqı ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa, milli maraqları qətiyyətlə müdafiə etməyə və dövlətçiliyin möhkəmləndirilməsinə qadir siyasi qüvvənin formalaşmasını zəruri hesab edirdi. Məhz bu tarixi zərurətdən irəli gələrək Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən ziyalılar və vətənpərvər insanlar Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış etdilər. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və Heydər Əliyev Partiyanın Sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, milli həmrəyliyin, siyasi uzaqgörənliyin və dövlətçilik iradəsinin təcəssümünə çevrildi. Partiyanın yaranması xalqın sabitlik, inkişaf, güclü dövlətçilik və müstəqilliyin qorunması ilə bağlı arzularını özündə birləşdirən mühüm tarixi-siyasi hadisə idi. Qısa müddətdə geniş ictimai dəstək qazanan YAP Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrilərək ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun ardıcıl həyata keçirilməsi nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndi, ölkədə siyasi sabitlik təmin olundu və Azərbaycanın hərtərəfli inkişafının möhkəm təməli yaradıldı. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis edilməsi yeni siyasi təşkilatın meydana gəlməsindən daha böyük məna daşıyaraq xalqın tarixi iradəsinin, milli birlik istəyinin və güclü Azərbaycan dövlətçiliyi ideyasının ifadəsi kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində zəngin siyasi tarix və böyük inkişaf yolu keçmişdir. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın fəaliyyəti xalqın etimadına, milli maraqlara sədaqətə və güclü dövlətçilik prinsiplərinə əsaslanır. Yarandığı gündən etibarən Partiyanın keçdiyi hər bir mərhələ onun möhkəm siyasi iradəsinin, xalqla birliyinin və ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi ardıcıl fəaliyyətin bariz nümunəsidir. Bu müddət ərzində YAP zəngin siyasi təcrübə qazanaraq təşkilati baxımdan güclənmiş, cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirən ümumxalq siyasi təşkilatına çevrilmişdir. Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin inkişaf strategiyasının uğurla reallaşdırılması istiqamətində mühüm nailiyyətlərə imza atan Partiya tarixi sınaqlardan güclənərək çıxmağın, zamanın dəyişən çağırışlarına uyğunlaşmağın və gələcəyə inamla addımlamağın nümunəsini ortaya qoymuşdur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti yalnız siyasi təşkilatın inkişaf tarixini deyil, bütövlükdə müasir Azərbaycanın formalaşması və tərəqqisi prosesini əks etdirir. Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun davam etdirən YAP ölkəmizin qazandığı tarixi nailiyyətlərin qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması prosesində mühüm siyasi missiya həyata keçirir. Partiyanın bugünkü fəaliyyəti və gələcək hədəfləri Azərbaycanın qazandığı tarixi uğurlar, formalaşmış yeni reallıqlar və qarşıda duran strateji vəzifələrlə bilavasitə bağlıdır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm siyasi təşkilatın inkişafında, həm də ölkəmizin müasir tarixində xüsusi əhəmiyyət daşıyan hadisə kimi diqqət çəkir. 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin geniş məzmunlu çıxışı ölkəmizin keçdiyi tarixi inkişaf yolunun və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi mesajlarla yadda qalmışdır. Dövlət başçısının “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir” fikri Azərbaycanın müstəqillik tarixində keyfiyyətcə yeni mərhələnin başlandığını və ölkəmizin regionda formalaşdırdığı yeni geosiyasi reallıqların mahiyyətini aydın ifadə edir. Bu tarixi şəraitdə keçirilən qurultay, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin, dəyişən dünyanın çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin və gələcək strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu çağırışlar fonunda Partiyamız qarşıdakı mərhələdə də üzərinə düşən vəzifələrin icrasını təmin edəcək, yeni təşəbbüslərlə ölkəmizin davamlı inkişafına töhfə verəcəkdir.
İlkin Əliyev, YAP Zərdab rayon təşkilatının sədri
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
Yeni Azərbaycan Partiyası: 34 illik inkişaf yolu və güclü dövlətçilik salnaməsi
Report+20 mənbə