Yalçın Camalov: Müasir texnologiyaların və innovasiyaların tətbiqi yeni təsərrüfatların yaradılmasına şərait yaradır VİDEO


Bakı, 19 noyabr, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliy kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investisiya aktivliyinin artırılması və aqrar sahədə sahibkarlığın inkişafı istiqamətində dövlət dəstəyi mexanizmlərini həyata keçirir. Agentliyin kredit, güzəştli kreditlər, mikrokredit, lizinq alətləri və müxtəlif təyinatlı subsidiya dövlət dəstəyi mexanizmləri fermerlərin, aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal imkanlarını genişləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu sahədə müasir texnologiyaların və innovasiyaların tətbiqi yeni təsərrüfatların yaradılmasına şərait yaradır. Aqrar Kredit və İnkişaf Agentliyi bu baxımdan dövlətlə sahibkar arasında əlaqələndirici körpü rolunu oynayır.
Subsidiyaların verilməsində üç prinsipin əsas götürüldüyünü vurğulayan Y.Camalov məqsədlərinin perspektivdə subsidiyalaşmadan tədricən investisiyayönümlü dəstəyə keçid etmək olduğunu deyib: "Bu yanaşma dövlətin subsidiyalardan tam imtina etməsi mənasına gəlmir. Əsas məsələ cari istehsal xərclərinin kompensasiya, subsidiyalar vasitəsilə kompensasiya edilməsi ilə uzunmüddətli inkişafı təmin edəcək investisiyalar arasında balansın qurulmasıdır. Ümumilikdə yeni təsərrüfatların qurulması və mövcud təsərrüfatların bu dəstəklər nəticəsində genişləndirilməsi birbaşa və dolayı məşğulluğu artırır. Əsas məsələ əmək bazarının yeni texnologiyalara uyğunlaşması və daha yüksəkixtisaslı iş imkanlarının yaradılmasıdır. Aqrar sahədə müasir suvarma texnologiyaları, intensiv istehsal üsulları, rəqəmsal həllər kənd təsərrüfatında yeni bacarıqlara tələbat yaradır".
Müxbir - Günel Türksoy
Fotoqraf - Nicat Haşimov
Videooperator - Ceyhun Mustafayev
Dərc vaxtına görə
