Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi: “Süni intellekt yeni və mürəkkəb təhdidlər yaradır”


Səidə Bayramlı: Süni intellekt texnoloji inkişafla yanaşı, yeni və mürəkkəb təhdidlər də yaradır
Bakıda keçirilən kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın əsas mövzusu süni intellektin texnologiyalara və informasiya təhlükəsizliyinə təsiridir.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Səidə Bayramlı ANZ.AZ-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, konfransda diplomatlar, beynəlxalq ekspertlər, dövlət qurumlarının, özəl sektorun və aidiyyəti müəssisələrin nümayəndələri iştirak edirlər.
“Konfrans çərçivəsində keçiriləcək altı paneldə süni intellektin texnologiyalara, informasiya təhlükəsizliyinə və kiberməkana təsiri müzakirə olunacaq. Bildiyiniz kimi, süni intellekt texnoloji inkişafla yanaşı, yeni və mürəkkəb təhdidlər də yaradır. Bu baxımdan keçiriləcək panel müzakirələri və sessiyalar mühüm məlumat və təcrübə mübadiləsinə imkan verəcək”, – deyə Səidə Bayramlı qeyd edib.
Mətbuat katibi xatırladıb ki, kiberdiplomatiya üzrə I Beynəlxalq Konfrans 2024-cü ildə regionda ilk dəfə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Səidə Bayramlının sözlərinə görə, builki konfrans əvvəlki tədbirin davamı olaraq beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm müzakirə platforması rolunu oynayır.