"Süni intellekt kiberhücumların müddətini günlərdən dəqiqələrə endirir" - Ayxan Hüseynli


Süni intellekt agentləri kiberhücumların həyata keçirilmə müddətini günlərdən və həftələrdən saatlara, bəzi hallarda isə dəqiqələrə qədər azaldır. Eyni zamanda, açıq mənbəli süni intellekt alətlərinin əlçatanlığı mürəkkəb hücumların təşkili üçün tələb olunan imkanları genişləndirir.
Ordu.az-ın xəbərinə görə, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin Milli kiberinsidentlərə reaksiya və koordinasiya departamenti direktorunun müavini Ayxan Hüseynli Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “İnformasiya müharibəsi və Deepfake: Rəqəmsal dövrdə həqiqətin qorunması” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, noyabrın 13-də ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) süni intellekt agentlərinin müstəqil şəkildə nüfuzetmə testləri həyata keçirməsinə imkan verən açıq mənbəli “Artex” çərçivəsi ilə bağlı təcili xəbərdarlıq yayıb:
“FBI bildirir ki, bəzi müdaxilələr zamanı hücum edən tərəf ilkin hədəfləmədən imtiyazlı giriş əldə etməyə qədər üç saatdan az müddətdə irəliləyib. Beləliklə, bu gün artıq günlərdən və ya həftələrdən deyil, saatlardan, bəzi hallarda isə dəqiqələrdən danışırıq”.
Ayxan Hüseynli ənənəvi kiberhücumlarla süni intellekt agentlərindən istifadə edilən hücumlar arasında əsas fərqin prosesin idarə olunmasında olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ənənəvi hücumlarda insan planlaşdırma, hazırlıq və alətlərin hazırlanması da daxil olmaqla hər mərhələni özü həyata keçirirdi. Hazırda isə hücum edən tərəf süni intellekt modelinə ümumi məqsəd və tapşırıq verir, agent isə prosesin əvvəlindən sonuna qədər əsas mərhələləri icra edə bilir.
“Anthropic” şirkətinin son hesabatlarına istinad edən Ayxan Hüseynli bildirib ki, bəzi hücum əməliyyatlarının 80-90 faizi süni intellekt tərəfindən həyata keçirilib, insan müdaxiləsi isə cəmi dörd-beş halda baş verib.
O qeyd edib ki, süni intellekt hücumların həyata keçirilməsini asanlaşdırmaqla yanaşı, mürəkkəb kiberhücumlar üçün tələb olunan giriş baryerini də aşağı salır:
“Əvvəllər mürəkkəb kiberhücumlardan, APT hücumlarından danışarkən dövlət tərəfindən dəstəklənən, böyük maliyyə resurslarına və geniş komandalara malik aktorları nəzərdə tuturduq. Lakin bu gün “GitHub”da dərc edilmiş və bu ilin iyul ayına qədər əlçatan olmuş “Artix” kimi açıq mənbəli layihələr hər kəsin istifadəsinə açıqdır. Bu cür çoxagentli sistemlər bütöv bir komandanın gördüyü işi yerinə yetirə bilər. Beləliklə, bu alətlərə çıxış imkanları xeyli genişlənib”.
Ayxan Hüseynli kiberhücumların sürətinin artmasının digər təzahürünün təhlükəsizlik boşluqlarının sayında müşahidə olunduğunu bildirib.
O vurğulayıb ki, boşluqların sayının və onların istismar sürətinin artması milli CERT-lər, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər insidentlərə reaksiya və koordinasiya qrupları qarşısında ciddi çağırışlar yaradır.
Ayxan Hüseynli kiberhücumların arxasında dayanan tərəfin müəyyənləşdirilməsinin – atribusiyanın da getdikcə mürəkkəbləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hücumu hansı təhdid aktorunun həyata keçirdiyini və ya hansı dövlətin sponsorluq etdiyini müəyyənləşdirmək kibertəhlükəsizliyin mühüm istiqamətlərindən biridir.
“Lakin bugünkü dünyada süni intellekt alətlərinin əlçatanlığı, hücumların sürəti və miqyası milli qurumların bu hücumun dövlət tərəfindən dəstəklənən aktor, yoxsa süni intellekt agentləri vasitəsilə həyata keçirildiyini müəyyənləşdirməsini çətinləşdirir”, – deyə Ayxan Hüseynli qeyd edib.
Ordu.az
1 mənbə