Xəzərin sərvətinə qəsd edən şəxs: 4 məhkumluq, 9 sərhəd pozuntusu


Xəzər dənizi əsrlərdir Azərbaycan xalqının milli sərvəti, gələcək nəsillərə əmanət olunan təbii xəzinəsidir. Bu sərvəti qorumaq hər bir vətəndaşın həm qanuni, həm də mənəvi borcudur. Lakin bəziləri bu müqəddəs borcu unudaraq şəxsi mənfəəti ümumxalq maraqlarından üstün tutub. Belə şəxslərdən biri də Siyəzən rayon sakini, 03.06.1983-cü il təvəllüdlü Xankişiyev Pərviz Ağabala oğludur.
Rəsmi məlumatlara görə, P.Xankişiyev ötən illər ərzində 4 dəfə cinayət məsuliyyətinə cəlb olunub, Xəzər dənizində isə 9 dəfə sərhəd və sərhəd rejimi pozucusu qismində saxlanılıb. Bu faktlar təsadüfi səhvlərin deyil, qanuna qarşı sistemli və şüurlu laqeydliyin göstəricisidir.
P.Xankişiyev ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 256.3-cü (balıq və digər su bioresurslarını qanunsuz tutma) maddələri ilə məsuliyyətə cəlb olunub. Siyəzən Rayon Məhkəməsinin 10.07.2005-ci il tarixli hökmü ilə ona 4 il azadlıqdan məhrum etmə cəzası verilib. Beləliklə, o, hələ gənc yaşlarında həm insan sağlamlığına, həm də dənizin canlı aləminə qəsd edib.
Cəza ondan lazımi nəticə çıxarmasına səbəb olmayıb. Siyəzən Rayon Məhkəməsinin 12.07.2010-cu il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə yenidən mühakimə olunub və barəsində 2 il islah işləri cəzası təyin edilib. Məhkəmə qərarını icra etməmək isə dövlət hakimiyyətinə və ədalət mühakiməsinə açıq hörmətsizlik deməkdir.
2014-cü ildə P.Xankişiyev bu dəfə ölkənin təhlükəsizliyinin əsas sütunlarından olan dövlət sərhədini pozub. Siyəzən Rayon Məhkəməsinin 04.03.2014-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinib və ona 500 manat cərimə cəzası verilib. Qeyd edək ki, dövlət sərhədinin toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası və "Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında" Qanunla qorunur və onun pozulması ölkənin suverenliyinə qarşı ciddi hüquqpozma hesab olunur.
Cəzalar, xəbərdarlıqlar və məhkəmə hökmləri onu bu yoldan döndərməyib. Siyəzən Rayon Məhkəməsinin 03.06.2015-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 256.2.1-ci və 256.2.2-ci (balıq və digər su bioresurslarını qanunsuz tutma) maddələri ilə yenidən məhkum olunub və 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Bununla yanaşı, P.Xankişiyev Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində (rejim sularında) 1 halda sərhəd pozucusu, 8 halda isə sərhəd rejimi pozucusu qismində saxlanılıb və hər dəfə barəsində müvafiq tədbirlər görülüb. Doqquz dəfə saxlanılmaq, doqquz dəfə xəbərdar edilmək və yenə də eyni yola qayıtmaq qanunun aliliyinə açıq meydan oxumaqdan başqa bir şey deyil.
Qanunsuz balıq ovu sadəcə inzibati və ya cinayət hüquqpozması deyil, bütöv bir ekosistemin, milli sərvətin və gələcək nəsillərin hüquqlarına qarşı yönələn qəsddir. Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinə əsasən, ətraf mühitin qorunması hər kəsin borcudur. "Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunları su bioresurslarının yalnız müəyyən edilmiş qaydada, icazə əsasında və təbii ehtiyatların bərpasına xələl gətirmədən istifadəsini tələb edir.
Xəzər dənizi dünyada nərəkimilərin ən böyük təbii yaşayış məkanıdır. Lakin bu qiymətli növlərin ehtiyatları son onilliklərdə kəskin şəkildə azalıb və beynəlxalq səviyyədə onlar nəsli kəsilmək təhlükəsi altında olan növlər sırasına daxil edilib. Bu faciəvi vəziyyətin əsas səbəblərindən biri məhz brakonyerlikdir. Hər qanunsuz tor, hər icazəsiz ov Xəzərin canlı aləminin tükənməsinə aparan yolda atılan daha bir addımdır.
Xüsusilə vəzəsi yetişməmiş, ölçüsü qanunla müəyyən edilmiş həddən kiçik olan balıqların ovlanması qüvvədə olan balıqçılıq qaydalarının kobud şəkildə pozulmasıdır. Belə balıqlar hələ bir dəfə də olsun nəsil verməyib. Onları ovlamaq gələcək populyasiyanı kökündən məhv etmək, dənizinu özünü bərpa etmək imkanını əlindən almaq deməkdir. Qanunvericilik məhz bu səbəbdən balıq ovunda minimal ölçü həddi, qadağan olunmuş ov alətləri və kürütökmə dövründə ov qadağası kimi tələbləri müəyyən edib. Bu tələblərə məhəl qoymamaq bu gün bir torba balıq üçün sabahın bütöv bir dəniz sərvətini qurban vermək kimidir.
Cəmiyyət susmamalıdır
P.Xankişiyevin həyat yolu qanuna, cəmiyyətə və təbiətə qarşı davamlı laqeydliyin acı nümunəsidir. İnsan sağlamlığına zərər, məhkəmə hökmünə hörmətsizlik, dövlət sərhədinin pozulması və dəfələrlə təkrarlanan brakonyerlik bütün bunlar cəmiyyətin qəti şəkildə qınamalı olduğu əməllərdir.
Xəzər bizim ortaq sərvətimizdir. Onu talayanlar yalnız qanun qarşısında deyil, xalqın və gələcək nəsillərin vicdanı qarşısında da cavab verməlidirlər. Dövlət Sərhəd Xidməti və aidiyyəti qurumlar dəniz sərvətlərimizin qorunması istiqamətində qətiyyətli mübarizəni davam etdirir. Bu mübarizədə hər bir vətəndaşın həssaslığı və dəstəyi isə ən böyük qüvvədir.
Aqil Məmmədov Ordu.az

Teleqraf.az+5 mənbə