Xəzər dənizinin çəkilməsi nəticəsində 20 406 hektar quru ərazi yaranıb


Xəzərin ümumilikdə 753 kilometr sahil xətti boyunca 18 şəhər və rayon ərazisində monitorinq işləri aparılıb.
Tezadlar.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.
Şöbə müdiri bildirib ki, sahilboyu ərazilərin təhlili və müvafiq təkliflərin hazırlanması məqsədilə 2025-ci ildə 19 dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb.
İşçi qrupuna sahilboyu ərazilərdə vahid dövlət siyasətinin və idarəetmənin təşkili, torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, ekoloji sabitliyin təmin edilməsi, həmçinin ərazilərin dayanıqlı planlaşdırılması və qanunsuz zəbt hallarının qarşısının alınması ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
İ.Həbiyev qeyd edib ki, ümumilikdə 753 kilometr sahil xətti boyunca 18 şəhər və rayon ərazisində monitorinq işləri aparılıb. Monitorinqlər Bakı şəhərini və 9 rayonun inzibati ərazisini əhatə edib.
Monitorinq nəticələrinə əsasən, ən uzun sahil xətti Bakı şəhərinin payına düşüb – 316 kilometr. Lənkəran rayonunda bu göstərici 111 kilometr, Neftçalada 87 kilometr, Xaçmazda 65 kilometr, Xızıda 44 kilometr, Sumqayıt və Siyəzəndə ayrı-ayrılıqda 37 kilometr, Astarada 22 kilometr, Şabranda 20 kilometr, Salyanda isə 14 kilometr təşkil edib.
Bundan başqa, təqdim olunan məlumatlara əsasən, 2016-cı ildə təsdiq edilmiş sahil zolağının dənizin quru ilə təmas xəttindən etibarən 753 kilometr boyunca monitorinqi nəticəsində Xəzər dənizinin çəkilməsi ilə əlaqədar əlavə quru ərazilərin yarandığı müəyyən edilib. Bu ərazilərin ümumi sahəsi 20 406 hektar təşkil edir.
1 mənbə