Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək


Bakı, 19 noyabr, AZƏRTAC
Mövcud qanunvericiliyə əsasən, bəzi ərazilər Xəzər dənizinin akvatoriyasına aid torpaqlar hesab olunur və hazırda da əvvəlki hüquqi statusunu qoruyub saxlayır.
AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, həmin ərazilərin hüquqi statusunun və istifadə vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə müvafiq işlər aparılacaq. Bu prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər müvafiq dövlət qurumları, Xəzər Dəniz Gəmiçiliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əməkdaşlıq nəzərdə tutulur.
F.Cəfərov qeyd edib ki, aidiyyəti qurumlarla aparılacaq birgə araşdırmalar nəticəsində həmin ərazilərin hüquqi statusu və istifadə vəziyyəti ilə bağlı məsələlərə aydınlıq gətiriləcək.
O vurğulayıb ki, hazırda bu ərazilər Xəzər dənizinin akvatoriyasına aid olan, dövlət mülkiyyətində yerləşən və istifadəsi qanunvericiliklə tənzimlənən ərazilərdir.
Müəllif - Vüqar Qurbanoğlu
Dərc vaxtına görə
