Xətaidə ictimai nəqliyyat böhranı...


Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Fəhlə prospekti) boyunca şəhər mərkəzinə doğru hərəkət edən sərnişinlərin vəziyyəti, sözün əsl mənasında, acınacaqlıdır. Vətəndaşlar az qala hər səhər işə gedərkən nəqliyyat problemi ilə üzləşir, üstəlik, günə əsəb və stress içində başlayırlar.
Prospekt boyunca hərəkət edən 21, 46, 120, 72 və 20 nömrəli avtobusların sürücüləri nəqliyyat vasitəsinin orta və arxa hissələri boş, yaxud yeni sərnişinləri qəbul etmək üçün kifayət qədər yer olduğu halda dayanacaqlarda saxlamırlar. Nəticədə dayanacaqlarda sərnişinlərin sayı getdikcə artır. Nəhayət, hansısa sürücü dayanacaqda saxlayanda isə vətəndaşlar əvvəlki avtobusların yaratdığı narazılığın acığını həmin sürücüdən çıxırlar. Beləliklə, əvvəlki sürücülərin məsuliyyətsiz davranışı nəticəsində avtobuslarda əlavə sıxlıq yaranır.
Əvvəllər də təklif etmişdim ki, avtobusların hər üç qapısında ödəniş terminalları quraşdırılsın. Bəzi avtobuslarda bu sistemin tətbiq edildiyini görürəm. Lakin terminallar, əsasən, yalnız ikinci qapıda yerləşdirilir. Halbuki hər üç qapıda ödəniş imkanının yaradılması sərnişin axınını daha operativ idarə etməyə və avtobuslarda lüzumsuz gözləmələrin qarşısını almağa kömək edə bilər.
Bununla belə, problem təkcə ödəniş sistemindən ibarət deyil. Dayanacaqda saxlamadan hərəkətini davam etdirən sürücülərə nəzarət edilməli, ümumilikdə sürücü davranışının tənzimlənməsi üçün daha peşəkar və operativ mexanizm yaradılmalıdır.
Məncə, bu istiqamətdə taksi xidmətlərində tətbiq olunan qiymətləndirmə sisteminə bənzər mexanizmin avtobuslarda da tətbiq edilməlidir!
Təklifim sadədir: vətəndaş AYNA-nın rəsmi saytına ya da mobil tədbiqinə daxil olaraq bəyəndiyi və ya narazı qaldığı sürücüyə qiymət verə, şikayətini və təklifini qeyd edə bilməlidir. Bu sistemin avtobusun dövlət qeydiyyat nişanı və ya marşrut məlumatları ilə yanaşı, konkret sürücünün identifikasiyası əsasında işləməsi vacibdir. Beləliklə, hansı sürücünün sərnişinlərə qarşı məsuliyyətli davrandığını, hansının isə qaydaları pozduğunu müəyyənləşdirmək mümkün olar. Toplanan rəylər əsasında sürücülərin fəaliyyətinə nəzarət gücləndirilə, müsbət qiymətləndirilənlər həvəsləndirilə, davamlı şikayət olunan sürücülərlə bağlı isə müvafiq tədbirlər görülə bilər.
Əks təqdirdə, vəziyyət günü-gündən daha da pisləşəcək. Yaranmış mənzərə elə təəssürat yaradır ki, sanki marşrut xətlərinə sürücülər təsadüfi seçim əsasında buraxılır, sərnişinlərin rahatlığı və hüquqları isə heç kimin marağında deyil. Halbuki ictimai nəqliyyat xidməti göstərən hər bir sürücü bilməlidir ki, onun əsas vəzifəsi sadəcə avtobusu idarə etmək deyil, sərnişinləri təhlükəsiz və vaxtında mənzil başına çatdırmaqdır.
Turan Rzayev
MİA.AZ
.png)
Milli.az+1 mənbə