Vyetnamla əlaqələr Azərbaycanın beynəlxalq nəqliyyat imkanlarını genişləndirəcək - DEPUTAT


“Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın Asiya siyasətinin coğrafiyasını və iqtisadi imkanlarını genişləndirən mühüm hadisədir”.
Bunu Plat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O qeyd edib ki, on iki il əvvəl Hanoya səfər edən dövlət başçısı indi dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə strateji tərəfdaşlıq münasibətləri qurmuş ölkə rəhbəri kimi gedir:
“2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni mərhələnin siyasi əsaslarını yaratdı. İndi Azərbaycanla Vyetnam arasında tarixi dostluq münasibətlərinin böyük iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, sənaye və texnoloji əməkdaşlığa çevrilməsi üçün əlverişli şərait yaranıb.
Azərbaycan və Vyetnam xalqlarının müasir tarixində mühüm oxşarlıqlar mövcuddur. Hər iki xalq müharibələrin ağır humanitar və iqtisadi nəticələrini yaşayıb, milli suverenliyini və ərazi bütövlüyünü təmin etmək uğrunda böyük mübarizə aparıb. Lakin Vyetnamın tarixi nailiyyəti yalnız müharibədə qazandığı qələbə ilə məhdudlaşmır. Hanoy hərbi qələbədən sonra ölkənin iqtisadi qüdrətini artırmaq, milli istehsalı inkişaf etdirmək və əhalinin rifahını yüksəltmək istiqamətində onilliklər ərzində ardıcıl siyasət həyata keçirib. Vyetnamın müharibədən sonrakı sənayeləşmə, kənd təsərrüfatının inkişafı, xarici investisiyaların cəlb edilməsi və yeni iqtisadi mərkəzlərin yaradılması təcrübəsi Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə məşğul olan Azərbaycan üçün də öyrənilməyə layiqdir.
Prezident İlham Əliyev Hanoya bir vaxtlar Azərbaycanın iqtisadi və texniki yardımına ehtiyac duyan Vyetnama getməyib, dünyanın böyük sənaye və ixrac mərkəzlərindən birinə çevrilmiş ölkəyə səfər edir. Vyetnam iqtisadiyyatı 2025-ci ildə 8,02 faiz böyüyüb, xarici mal ticarətinin ümumi həcmi 930 milyard dollara çatıb. Ölkənin ixracının 89 faizə yaxınını emal sənayesi məhsulları təşkil edir. “Samsung”, “Intel”, “LG”, “Canon”, “Foxconn” və digər beynəlxalq korporasiyaların istehsal müəssisələrinin Vyetnamda fəaliyyət göstərməsi ölkənin dünya iqtisadiyyatındakı mövqeyini köklü şəkildə dəyişdirib. Bir neçə onillik əvvəl müharibənin dağıtdığı iqtisadiyyatı bərpa etməklə məşğul olan Vyetnam hazırda dünyanın elektronika, telekommunikasiya, tekstil və digər sənaye məhsullarının istehsalında mühüm yer tutur”.
Deputat qeyd edib ki, Vyetnamın iqtisadi siyasətinin Azərbaycan üçün ən mühüm cəhətlərindən biri xarici sərmayələrin milli istehsalın və ixracın genişləndirilməsinə yönəldilməsidir:
“2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi münasibətlərin mövcud iqtisadi potensialına uyğun gəlmir. Xarici ticarətinin həcmi bir trilyon dollara yaxınlaşan Vyetnamla daha böyük iqtisadi əməkdaşlıq imkanlarımız mövcuddur.
SOCAR və “PetroVietnam” arasında 2025-ci ildə imzalanan Anlaşma Memorandumu iki ölkənin neft-qaz sənayesində əməkdaşlığının yeni mərhələsinin əsasını qoyub.
Prezident İlham Əliyevin Hanoya səfərinin mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq nəqliyyat imkanlarının genişləndirilməsidir. 2026-cı ilin doqquz ayında iki ölkə arasında tranzit yükdaşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb.
Azərbaycan Vyetnamın Avrasiyaya, Vyetnam isə Azərbaycanın Cənub-Şərqi Asiyaya çıxış imkanlarını genişləndirə bilər. Vyetnamın üzv olduğu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – ASEAN yüz milyonlarla istehlakçını və dünyanın mühüm istehsal mərkəzlərini birləşdirir.
Prezident İlham Əliyevin səfəri Vyetnamın siyasi və iqtisadi dairələrində də geniş maraq doğurur. Vyetnam Kommunist Partiyasının mərkəzi mətbu orqanı olan “Nhan Dan” qəzetinin noyabrın 19-da dərc etdiyi məqalədə səfər strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Nəşr Azərbaycanın Asiya-Sakit okean regionunda əlaqələrini genişləndirmək siyasətində Vyetnamın oynaya biləcəyi rola xüsusi diqqət yetirir. Vyetnamın Rusiya və Azərbaycan üzrə səfiri Danq Min Xoy Vyetnam İnformasiya Agentliyinə müsahibəsində səfərin qarşılıqlı investisiyalar, energetika, ticarət, elm, texnologiya və təhsil sahələrində yeni imkanlar yaradacağını bildirir.
Prezident İlham Əliyevin Vyetnama səfərini Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı Asiya siyasətindən ayrı qiymətləndirmək olmaz. Çinlə strateji münasibətlərin möhkəmləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, Cənub-Şərqi Asiyanın aparıcı ölkələri ilə tərəfdaşlıq əlaqələrinin qurulması Azərbaycanın dünya iqtisadiyyatındakı iştirak imkanlarını genişləndirir. Ölkəmiz ənənəvi siyasi və iqtisadi tərəfdaşları ilə münasibətlərini qorumaqla yanaşı, qlobal iqtisadi inkişafın ağırlıq mərkəzinin getdikcə Asiyaya doğru dəyişməsini öz xarici siyasətində nəzərə alır. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə müstəqil münasibətlər qurmaq imkanları, beynəlxalq qarşıdurmaların tərəfinə çevrilmədən milli maraqlarını təmin etməsi dövlətimizin iqtisadi diplomatiyasının qarşısında yeni perspektivlər açır”.
1 mənbə