Uğurların siyasi təzahürü


Yeni Azərbaycan Partiyasının yaradılması Müstəqil Azərbaycanın siyasi tarixində mühüm hadisədir. Partiyanın ən mürəkkəb və taleyüklü dövrdə yaradılması milli dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin gələcəyinə inamın bərpası yönündə atılan mütərəqqi addım idi.
Siyasi, iqtisadi və hərbi böhran Azerbaycanı xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət idarəçiliyindəki böhran, siyasi qarşıdurmalar, torpaqlarımızın işğalı vəziyyəti daha da ağırlaşdırırdı.
91 nəfər tanınmış ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti əsasında yaradılan partiyaya məhz Heydər Əliyev kimi şəxsiyyətin rəhbərlik etməsi xalqın arzu və istəyindən doğan mühüm siyasi prosesin əsası idi.
1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran və vətəndaş qarşıdurması təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici dönüş yaratdı. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın dirçəldilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müasir inkişaf modelinin təməli məhz həmin mürəkkəb tarixi mərhələdə qoyuldu.
Bu gün Yeni Azərbaycan Partiyası yarandığı gündən üzərinə götürdüyü tarixi missiyanı müasir dövrün tələblərinə uyğun davam etdirir. 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən partiya sədri, Cənab Prezident İlham Əliyev partiyanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi istiqamətində fikirlər səsləndirdi.
Yeni Azərbaycan Partiyasının müasir dövrdə qarşıya qoyduğu başlıca vəzifələr milli maraqların qorunması, cəmiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi və Azərbaycanın strateji inkişaf prioritetlərinin həyata keçirilməsinə dəstək göstərilməsidir. Bununla yanaşı gənclərin potensialına, qadınların fəallığına, ziyalıların intellektual gücünə və xalqın həmrəyliyinə söykənən bu fəaliyyət bizi yeni uğurlara səsləyir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
1 mənbə
