Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.
Deputatın məlumatına görə, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan forumda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.
V.Bayramov qeyd edib ki, qərargahı Pekində yerləşən APSCO 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş hökumətlərarası, qeyri-kommersiya və müstəqil təşkilatdır.
Təşkilat kosmik elm, texnologiyalar və onların tətbiqi sahələrində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edir. Əsas məqsədi regionun kosmik potensialını gücləndirmək, eləcə də dayanıqlı və sosial-iqtisadi inkişafa töhfə verməkdir.
