Vətənə Yazılan Ömür kitabının Sumqayıt şəhərində təqdimatı keçirildi


Baxılıb: 104 Tarix: 18-08-2026 23:48
17 avqust 2026-cı il tarixində Sumqayıt şəhər Tarixi Muzeyində yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Raziyə Kamilqızının antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəman Ramil Rəhimovun əziz xatirəsinə həsr etdiyi "Vətənə Yazılan Ömür" kitabının təqdimat mərasimi keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə şəhid ailələri, qazilər, ictimai birliklərin nümayəndələri, mədəniyyət işçiləri, ziyalılar, şəhid Ramil Rəhimovun doğmaları, müəllimləri, dostları və oxucular iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan təşkilatçılar şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu vurğulayaraq, onların həyat yolunun gələcək nəsillər üçün örnək təşkil etdiyini bildirdilər.
Mərasimdə Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərov, Sumqayıt şəhər Tarixi Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Namiq Əliyev, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və digər çıxış edənlər şəhid Ramil Rəhimovun Vətənə bağlılığından, igidliyindən və şərəfli döyüş yolundan qürur hissi ilə danışdılar.
Ceyran Həsənova çıxışında şəhidlərin xalqımızın ölməz qəhrəmanları olduğunu vurğulayaraq, onların xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirdi. O, Raziyə Kamilqızının şəhidlərimizin həyat və qəhrəmanlıq salnaməsini kitablarda yaşatmasını yüksək qiymətləndirərək müəllifə minnətdarlığını ifadə etdi və yeni yaradıcılıq uğurları arzuladı.
Çıxış edənlər qeyd etdilər ki, "Vətənə Yazılan Ömür" kitabı təkcə şəhid Ramil Rəhimovun həyat yolunu əks etdirmir, eyni zamanda Vətən uğrunda canından keçən bütün qəhrəman oğullarımızın ölməzliyini təbliğ edən dəyərli bir əsərdir.
Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tanınmış xanəndə Əşrəf Bünyatzadə və müğənni Həbib Allahverdiyevin ifasında səslənən vətənpərvərlik ruhlu mahnılar tədbirə xüsusi mənəvi ovqat bəxş etdi. İfa olunan musiqilər şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, iştirakçılarda dərin duyğular yaratdı.
Sonda müəllif Raziyə Kamilqızı oxucularla görüşərək kitablarını imzaladı və tədbir iştirakçılarına "Vətənə Yazılan Ömür" kitabını hədiyyə etdi.
Təqdimat mərasimi şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və vətənpərvərlik ruhunun təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan yaddaqalan bir mədəniyyət tədbiri kimi yadda qaldı.
Zeferv.az
