Vətən müharibəsi şəhidi Elnur Qarayevin xatirəsi anılıb


Şirvan Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Elnur Qalib oğlu Qarayevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Elnur Qarayevin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq. İlqar Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Çıxışlar zamanı Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik, ordumuzun qazandığı möhtəşəm Qələbə, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların misilsiz fədakarlığı vurğulanıb, şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının hər birimizin mənəvi borcu olduğu qeyd edilib.
Sonra Şəhidlər xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhid Elnur Qarayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında iştirakına, göstərdiyi igidlik və fədakarlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
