Vergi güzəştləri qiymətləri ucuzlaşdıracaqmı? – Alıcıları nə gözləyir?
.jpg)
.jpg)
"Bu dəyişiklik mənzil bazarında vergi yükünün azaldılması baxımından müsbət addım sayıla bilər. Hazırkı mexanizmdə təkrar satış zamanı ƏDV-nin mənzilin bütün satış dəyərindən hesablanması ilə yalnız alqı-satqı arasındakı qiymət fərqindən hesablanması arasında ciddi fərq var. Yeni yanaşma satıcının vergi öhdəliyini azaldaraq mənzilin təkrar satışını stimullaşdıra bilər. Lakin vergi yükünün azalması avtomatik olaraq mənzil qiymətlərinin aşağı düşməsi demək deyil. Əgər bazarda mənzilə tələbat yüksəkdirsə, təklif məhduddursa və qiymətləri əsasən daşınmaz əmlakın ümumi dəyəri, tikinti xərcləri və bazar rəqabəti müəyyən edirsə, vergi güzəştinin yaratdığı üstünlük satıcının gəlirində qala bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib.
Qeyd edək ki, Azərbaycanda mənzil bazarında vergi yükünün azaldılmasına yönələn yeni dəyişiklik müzakirə olunur. Təklifə əsasən, vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin üç il müddətində mənzilin tam satış dəyərindən deyil, yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur. Qanun layihəsi artıq Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Bu dəyişikliklərin ikinci əl mənzil bazarına, satış qiymətlərinə və vətəndaşların ev almaq imkanlarına necə təsir göstərəcəyi maraq doğurur.
A. Nəsirli bildirib ki, qiymətlərə real təsir satıcıların vergi güzəşti hesabına əldə etdikləri qənaətin hansı hissəsini alıcılara yönəltməsindən asılı olacaq.
"Dəyişikliyin əsas təsiri ikinci əl mənzil bazarında hiss olunacaq. Çünki güzəşt yeni tikilidən ilk dəfə mənzil alan vətəndaşa deyil, fiziki şəxslərdən mənzil alaraq onu yenidən satan ƏDV ödəyicilərinə şamil olunur. Yəni tikinti şirkətləri, daşınmaz əmlak bazarının digər iştirakçıları və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslər üçün daha əlverişli vergi şəraiti yaranacaq. Yeni tikililərə isə əsasən dolayı təsir mümkündür: ikinci əl mənzillərin rəsmi satışının ucuzlaşması yeni tikililərlə rəqabəti gücləndirə bilər.
Digər mühüm məqam bu güzəştin nağdsız əməliyyatları stimullaşdırmaq məqsədi daşımasıdır. Beləliklə, dövlət həm mənzil bazarında rəsmi dövriyyəni genişləndirməyə, həm də vergi uçotunu şəffaflaşdırmağa çalışır. Ancaq güzəştin üç il müddətinə nəzərdə tutulması onun uzunmüddətli bazar təsirini qiymətləndirməyi çətinləşdirir.
Mənim qənaətim: Bu dəyişiklik mənzil bazarının sağlamlaşdırılması və təkrar satış mexanizminin asanlaşdırılması baxımından faydalıdır. Amma əhalinin mənzil əldə etmək imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün təkcə vergi güzəşti kifayət deyil. Bunun üçün mənzil təklifinin artırılması, ipoteka şərtlərinin əlçatanlığı və qiymətlərin gəlirlərə uyğun formalaşması da vacibdir. Güzəştin real nəticəsi onun şirkətlərin vergi xərclərini nə qədər azaltmasından deyil, bu qənaətin nə dərəcədə alıcılara ötürülməsindən asılı olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az
