Van Qoqun 180 milyon dollarlıq əsəri ətrafında qalmaqal


Dünya incəsənət bazarının diqqət mərkəzində olan Vinsent van Qoqun 180 milyon dollar dəyərində qiymətləndirilən rəsm əsəri ətrafında hüquqi mübahisə yaranıb.
Xitab24.az xəbər verir ki, almaniyalı yəhudi naşir Samuel Fişerin varisləri rəssamın 1890-cı ildə çəkdiyi “Châtaigniers en fleurs” (“Çiçəkləyən şabalıd ağacları”) əsərinin satışının dayandırılmasını tələb edirlər.
Varislərin iddiasına görə, rəsm əsəri 1936-cı ildə ailənin nasist Almaniyasındakı təqiblər və maddi çətinliklər səbəbindən məcburən satışa çıxarılıb. Onlar hesab edirlər ki, ailə həmin dövrdə nasist rejiminin yaratdığı təzyiqlər nəticəsində sənət əsərindən imtina etməyə məcbur olub.
Ailənin hüquqşünası Gunnar Şnabel hərracın təşkilatçısı “Sotheby's”dən əsərin 1936-cı ildə real bazar qiymətinə satıldığını və sövdələşmənin nasist rejiminin təzyiqləri olmasaydı da həyata keçiriləcəyini sübut etməsini tələb edib.
Fişer ailəsi rəsm əsərini 1909-cu ildə Parisdə əldə edib. Samuel Fişerin 1934-cü ildə vəfatından sonra əsər ailəsinin mülkiyyətində qalıb. Nasistlərin hakimiyyətə gəlməsindən sonra ailə ciddi maliyyə və siyasi təzyiqlərlə üzləşib. Rəsm 1936-cı ilin iyununda 68 min İsveçrə frankına satılıb.
“Sotheby's” isə əsərin mənşəyi və mülkiyyət tarixçəsi ilə bağlı geniş araşdırma apardığını bildirir. Hərrac evi indiyədək aparılan araşdırmaların rəsm əsərinin məcburi şəkildə və ya bazar qiymətindən aşağı satıldığını təsdiqləmədiyini açıqlayıb. Bununla belə, təşkilatçı ailənin nümayəndələri ilə danışıqları davam etdirməyə və qarşılıqlı razılaşma əldə etməyə hazır olduğunu bildirib.
Mübahisəyə baxmayaraq, “Sotheby's” hərracın noyabrın 18-də Nyu-Yorkda planlaşdırıldığı kimi keçiriləcəyini bəyan edib.
Qeyd edək ki, əsər satışa çıxarıldığı təqdirdə Van Qoqun hərracda satılan ən bahalı rəsm əsəri ola bilər. Hazırda onun üçün 180 milyon dollarlıq qiymət proqnozlaşdırılır. Rəsm əsəri təxminən 50 ildən artıqdır ictimaiyyət qarşısında nümayiş etdirilməyib.
