Valdano: "Pele, Maradona, Messi kimi oyunçular yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir"


"Real Madrid"in sabiq futbolçusu və baş məşqçisi Xorxe Valdano futbolun klassik "onluq" oyunçularının yoxa çıxmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Valdano müasir futbolda taktikanın fərdi ustalıqdan üstün tutulmasını tənqid edib və belə oyunçuların qorunmasının vacibliyini vurğulayıb.
"Komandalarda adətən bir oyunçu olur ki, ona baş məşqçinin sərt tapşırıqlarından kənara çıxmağa icazə verilir. Bu, mütləq Messi olmalı deyil – texniki cəhətdən istedadlı, müəyyən fantaziyaya malik hər hansı futbolçu ola bilər. Belə oyunçular komandaya adi sxemlərdən kənara çıxmağa kömək edir və bu, hətta məşqçi üçün də faydalıdır. Futbol akademiyaları artıq başa düşür ki, xüsusi istedada malik oyunçuları qorumaq lazımdır. Bəzən onlar o qədər fərqlənirlər ki, sistemin özündən də üstün olurlar, məsələn, Lamin kimi. O, "La Masiya"da neçə il keçirsə də, fərdi üslubunu qoruyub saxladı. Amma bir dövr var idi ki, futbolun məni qorxudan dərəcədə proqnozlaşdırılan olacağı hissi yaranmışdı. On dəqiqə oyuna baxırdım və artıq qalan hissədə nə baş verəcəyini bilirdim: hər şey təkrarlanırdı."
Valdano əlavə edib: "Yoxa çıxmaq təhlükəsi olan oyunçu – klassik 'onluq'dur. Bu nömrə altında Pele, Maradona, Messi oynayıb... Məhz bu mövqe bir vaxtlar ciddi təhlükə altına düşdü. Hər şey Sakkidən başladı, o dedi ki, hücumçu yarımmüdafiəçi yarım oyunçudur. Futbol bu zərərli fikri həddindən artıq ciddiyə aldı. Halbuki futbolu böyük edən onun qəhrəmanlarıdır. Maraqlıdır ki, bu böyük qəhrəmanların əksəriyyəti onuncu nömrə geyinib".
1 mənbə
