ÜST-dən yeni xəbərdarlıq


İnsanların hər gün istifadə etdiyi plastik qablar, kosmetik vasitələr, oyuncaqlar, məişət əşyaları və digər məhsulların tərkibindəki kimyəvi maddələr sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Yeni beynəlxalq hesabatda bu maddələrin insan orqanizminin hormonal sisteminə təsirləri ilə bağlı elmi sübutların artdığı bildirilir.
Xitab24.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 17-də endokrin sistemi pozan kimyəvi maddələrlə bağlı yeni hesabat yayımlayıb.
“2026-cı ildə endokrin sistemi pozan kimyəvi maddələr haqqında elmin vəziyyəti” adlı sənəddə bu maddələrin insan sağlamlığına və ətraf mühitə təsirləri araşdırılıb.
Hesabata görə, sözügedən kimyəvi maddələr plastik məhsullarda, qida qablaşdırmalarında, kosmetik vasitələrdə, oyuncaqlarda, geyimlərdə, mebellərdə, məişət əşyalarında və bəzi tibbi avadanlıqlarda mövcud ola bilər.
Endokrin pozucular adlandırılan bu maddələr orqanizmdə hormonların istehsalına, fəaliyyətinə və tənzimlənməsinə müdaxilə edir. Nəticədə reproduktiv sağlamlıq, beyin inkişafı, maddələr mübadiləsi və immun sistemlə bağlı problemlər yarana bilər.
Hesabatda bu maddələrə məruzqalmanın sonsuzluq, reproduktiv inkişaf pozuntuları, ürək-damar xəstəlikləri, piylənmə, ikinci tip diabet və bəzi xərçəng növləri ilə əlaqəsinə dair elmi sübutların gücləndiyi vurğulanır.
Xüsusilə hamilə qadınlar, körpələr və uşaqlar risk qrupuna daxil edilir. Araşdırmalara əsasən, bu kimyəvi maddələrin təsiri hələ ana bətnində olarkən başlaya bilər. Onlar ana südündə və göbək ciyəsi qanında da aşkarlanıb.
Hesabatın diqqətçəkən məqamlarından biri də problemin iqtisadi tərəfidir. Kimyəvi maddələrin hormonal sistemə təsiri ilə əlaqəli sağlamlıq xərclərinin dünyada ildə 1,1 trilyon dolları ötdüyü təxmin edilir.
Digər tərəfdən, dünyada istehsal və istifadə üçün qeydiyyata alınmış 350 mindən çox kimyəvi maddə və qarışıq mövcuddur. Lakin onların yalnız kiçik bir hissəsinin hormonal sistemə təsirləri qiymətləndirilib.
UNEP və ÜST hökumətləri təhlükəli maddələrin istifadəsinə nəzarəti gücləndirməyə, məhsulların tərkibinin şəffaflığını təmin etməyə və daha təhlükəsiz alternativlərin tətbiqinə çağırıb.
Mütəxəssislər istehlakçılara qida məhsullarını mümkün qədər şüşə və paslanmayan polad qablarda saxlamağı, plastik qablarda yeməkləri qızdırmaqdan çəkinməyi, kosmetik vasitələrin tərkibini yoxlamağı və evin mütəmadi havalandırılmasını tövsiyə edirlər.
Bununla belə, mütəxəssislər problemin yalnız istehlakçıların fərdi seçimləri ilə həll edilə bilməyəcəyini, istehsalçıların və dövlətlərin də üzərinə ciddi məsuliyyət düşdüyünü bildirirlər.
1 mənbə
