“Bir hücum etsələr, hamısını məhv edəcəyik” – Trampdan İrana təhdid


ABŞ prezidenti Donald Tramp İranın bioloji silah hazırlamaq imkanlarını araşdırdığını iddia edərək Tehrana növbəti dəfə sərt xəbərdarlıq edib. O, mümkün terror hücumu baş verəcəyi təqdirdə İranı məhv edəcəklərini bildirib.
Moderator.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb. O, Vaşinqtonda İranla əlaqəli terrorçuların “çirkli bomba”dan istifadə etmək planları ilə bağlı məlumatları da şərh edib.
Amerika liderinin sözlərinə görə, ABŞ İranın nüvə silahına yiyələnmək imkanlarını məhdudlaşdırdıqdan sonra Tehran alternativ silah növləri üzərində işləməyə başlayıb.
“İranın qaz və bioloji silahlar hazırladığına dair əlamətlər var. Çünki biz onların nüvə silahına gedən yolunu bağlamışıq. Nüvə silahları daha mürəkkəbdir”, – deyə Tramp bildirib.
Vaşinqton sakinlərinin mümkün İran terror təhdidindən narahat olub-olmamalı olduğu barədə suala cavabında isə ABŞ prezidenti panikaya əsas olmadığını deyib.
“Düşünmürəm ki, panikaya düşək. Əgər bu baş verərsə, onları məhv edəcəyik. Bu, bir vəddir, sizə söz verirəm”, – Tramp vurğulayıb.
O, İranla qarşıdurmanın dayandırılması üçün Çin və ya Rusiyanın vasitəçiliyinə ehtiyac duymadıqlarını da bildirib. Trampın iddiasına görə, ABŞ İranın donanmasını, hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini məhv edib, raket ehtiyatlarını isə ilkin həcminin 12-13 faizinə qədər azaldıb.
Amerika prezidenti dəniz blokadasını Vaşinqtonun ən təsirli addımlarından biri adlandırıb və Tehranın razılaşma əldə etməkdə maraqlı olduğunu iddia edib.
“Mən uzunmüddətli razılaşma istəyirəm. Bu və ya digər şəkildə, biz buna tezliklə son qoyacağıq”, – deyə o bildirib.
Tramp Rusiya və Çinin İrana kəşfiyyat dəstəyi göstərməsi ilə bağlı məlumatları da əhəmiyyətsiz hesab edib.
Putin və Zelenski bir-birindən nifrət edir
ABŞ prezidenti müsahibəsində Rusiya-Ukrayna müharibəsinə də toxunub. O, Vladimir Putinlə Volodimir Zelenski arasındakı münasibətlərin sülh razılaşmasına mane olduğunu bildirib.
“Bu iki insan bir-birindən nifrət edir və razılığa gəlməlidirlər. Mən hər ikisi ilə yola gedə bilərəm”, – Tramp deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində ölənlərin ümumi sayı təxminən iki milyona çatıb. Tramp hər ay orta hesabla 25 min insanın həyatını itirdiyini iddia edərək müharibəyə son qoymaq istədiyini bildirib.
ABŞ, Rusiya və Çin arasında nüvə yarışı
Trampın Çin prezidenti Si Cinpinlə ayrıca görüş keçirməsi və üç ölkə liderinin ilk üçtərəfli sammitində iştirak etməsi də nəzərdə tutulub.
“The New York Times” qəzetinin məlumatına görə, Vaşinqton Pekinlə ticarət atəşkəsini uzatmaq, nadir torpaq metallarının tədarükünü təmin etmək və süni intellekt sahəsində ABŞ-ın liderliyini qorumaq niyyətindədir.
Tramp Çinlə yanaşı, Rusiya və ABŞ-ın nüvə arsenalı məsələsini də gündəmə gətirib. O bildirib ki, ABŞ-ın təxminən 4 min, Rusiyanın 3 min 800, Çinin isə 400-500 nüvə döyüş başlığı var.
ABŞ prezidentinin sözlərinə görə, Çin nüvə arsenalını sürətlə genişləndirir və 2030-cu ilədək döyüş başlıqlarının sayını minə çatdıra bilər.
Tramp nüvə silahlarının azaldılması ilə bağlı danışıqların çətin olduğunu etiraf edib və Çinin ABŞ və Rusiyanın arsenalını əhəmiyyətli dərəcədə azaltması şərti ilə öz silahlarının sayını məhdudlaşdırmaq təklifinə münasibət bildirib.
1 mənbə