Uşaqların süni intellektlə ünsiyyəti: Valideynlər nələrə diqqət etməlidir?


CƏMİYYƏT SON DƏQİQƏ
18 noyabr 2026 11:00 840 baxış
Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi uşaqların informasiya əldə etmə və ünsiyyət vərdişlərinə də təsir göstərir. Xüsusilə süni intellekt çatbotlarından istifadə edən uşaqlar müxtəlif suallara cavab tapmaq, dərslərinə kömək almaq və yeni məlumatlar öyrənmək imkanı əldə edirlər. Lakin bu platformalardan nəzarətsiz istifadə şəxsi məlumatların təhlükəsizliyi, yanlış informasiyanın yayılması və uşaqların zərərli məzmunla qarşılaşması kimi risklər yarada bilər.
Bəs uşaqların süni intellekt çatbotlarından istifadəsi zamanı hansı təhlükələr mövcuddur və onların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Ekologiya.az-a açıqlama verən İT və kibertehlükəsizlik üzrə ekspert Fərid Əmirov bildirib:
"Süni intellekt çatbotlarının uşaqlar tərəfindən istifadəsi müasir dövrdə həm öyrənmə və inkişaf imkanları yaradır, həm də informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və psixoloji baxımdan müəyyən risklər meydana çıxarır. Bu platformalar vasitəsilə uşaqlar müxtəlif suallarına cavab tapa, dərslərində kömək ala və yeni biliklər əldə edə bilirlər. Lakin onların nəzarətsiz istifadəsi bir sıra təhlükələrə yol aça bilər".
Onun sözlərinə görə, uşaqların şəxsi məlumatlarını çatbotlarla paylaşması, məlumatlarının toplanması və hesab təhlükəsizliyinə laqeyd yanaşması ciddi məxfilik riskləri yaradır:
"Əsas risklərdən biri uşaqların şəxsi məlumatlarının yayılmasıdır. Çatbotlarla təbii dildə ünsiyyət quran uşaqlar bəzən fərqində olmadan adlarını, yaşlarını, yaşayış ünvanlarını, təhsil aldıqları məktəbin adını və ya valideynlərinin əlaqə nömrələrini paylaşa bilərlər. Bu məlumatların platformalar tərəfindən toplanması və saxlanılması məxfilik baxımından müəyyən narahatlıqlar yaradır. Eyni zamanda, bəzi platformalar istifadəçilərin sorğularını, maraqlarını və davranışlarını qeydə alaraq onlar haqqında rəqəmsal profillər formalaşdıra bilər. Uşaqların hesab təhlükəsizliyi də diqqət yetirilməli məsələlərdəndir. Zəif parollardan istifadə və fişinq hücumlarını tanımamaq hesabların ələ keçirilməsi və şəxsi yazışmaların təhlükəyə düşməsi ilə nəticələnə bilər".
Ekspert əlavə edib ki, çatbotların yanlış məlumatları inandırıcı şəkildə təqdim etməsi, uşaqlarda emosional asılılıq yaratması və yaşlarına uyğun olmayan məzmunlara çıxış imkanı ciddi narahatlıq doğurur:
"Digər mühüm məsələ süni intellekt çatbotlarının təqdim etdiyi məlumatların hər zaman doğru olmamasıdır. Bu sistemlər bəzən yanlış və ya tamamilə uydurma məlumatları inandırıcı formada təqdim edə bilirlər. Tənqidi düşünmə bacarıqları hələ formalaşmaqda olan uşaqlar isə belə cavabları həqiqət kimi qəbul edə bilərlər. Bundan başqa, çatbotların daim nəzakətli və dəstəkləyici ünsiyyət qurması uşaqlarda onlara emosional bağlılıq yarada, real insanlarla ünsiyyətə marağın azalmasına səbəb ola bilər. Təhlükəsizlik filtrlərinə baxmayaraq, uşaqların yaşlarına uyğun olmayan, zorakılığı təşviq edən və digər zərərli məzmunlarla qarşılaşması ehtimalı da mövcuddur".
Mütəxəssis qeyd edib ki, uşaqların süni intellekt platformalarından təhlükəsiz istifadəsi üçün texnoloji müdafiə mexanizmləri gücləndirilməli, valideyn nəzarəti və rəqəmsal savadlılıq artırılmalıdır:
"Bu risklərin qarşısının alınması üçün ilk növbədə süni intellekt platformalarında uşaqların yaşına uyğun xüsusi istifadə rejimləri yaradılmalıdır. Belə rejimlərdə şəxsi məlumatların paylaşılmasına məhdudiyyətlər qoyulmalı, yaşa uyğun olmayan məzmunun qarşısını alan filtrlər gücləndirilməlidir. Eyni zamanda, platformalarda zərərli və manipulyativ məzmunu müəyyən edən, təhlükəli sorğulara uyğun cavabların verilməsini məhdudlaşdıran texnoloji mexanizmlər tətbiq olunmalıdır.
Valideyn nəzarəti də bu prosesin vacib hissəsidir. Valideynlər uşaqların hansı platformalardan istifadə etdiyinə, orada nə qədər vaxt keçirdiyinə və hansı məzmunlarla qarşılaşdığına diqqət yetirməlidirlər. Bununla yanaşı, şəxsi məlumatların qorunması, tanımadıqları şəxslərlə məlumat paylaşmamaq və şübhəli keçidlərə daxil olmamaq barədə uşaqlarla mütəmadi söhbətlər aparılmalıdır.
Bütün bunlarla yanaşı, uşaqların rəqəmsal savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə və ailələrdə onlara süni intellektin imkanları ilə yanaşı, məhdudiyyətləri də izah edilməlidir. Uşaqlar öyrənməlidirlər ki, çatbotların verdiyi hər cavab doğru hesab edilə bilməz və mühüm məlumatlar etibarlı mənbələrdən yoxlanılmalıdır. Beləliklə, texnoloji müdafiə vasitələrinin valideyn nəzarəti və maarifləndirmə ilə birləşdirilməsi uşaqların süni intellekt platformalarından daha təhlükəsiz istifadəsinə şərait yarada bilər".
Zümrüd Abidqızı
1 mənbə