Uşaqların gec danışmasının səbəblərindən biri bu ola bilər


Valideynlərin telefondan həddindən artıq istifadə etməsi azyaşlı uşaqların danışıq qabiliyyətinin inkişafına mənfi təsir göstərə bilər. Yeni araşdırma göstərib ki, xüsusilə valideynlərin işdənkənar vaxtlarda telefona diqqət ayırması uşaqların nitq inkişafında geriliklə əlaqəli ola bilər.
Araşdırma Portuqaliyada RISE-Health tədqiqat mərkəzi və Aveiro Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.
Tədqiqatda 3-5 yaşlı uşaqları olan 93 ailənin iştirakı təmin edilib. Alimlər ailədaxili münasibətləri, rəqəmsal cihazlardan istifadə vərdişlərini və uşaqların danışıq səslərini öyrənmək bacarıqlarını araşdırıblar.
Nəticələrə görə, valideynlərin işdən sonra mobil telefondan istifadə etməsi, uşaqların gecə saatlarında planşetlə vaxt keçirməsi və ailədə həddindən artıq asılı münasibətlərin olması uşaqların nitq inkişafındakı gecikmələrlə əlaqələndirilir.
Uşaqlarla danışmaq əvəzinə telefona baxmaq…
Tədqiqatçılar bildirirlər ki, uşaqların danışıq qabiliyyətinin formalaşmasında valideynlərlə canlı ünsiyyət xüsusi əhəmiyyət daşıyır.
Uşaqlarla söhbət etmək, oynamaq, mahnı oxumaq və onlara nağıl danışmaq nitqin inkişafına kömək edən əsas amillərdəndir. Eyni zamanda uşağa fikrini ifadə etmək, suallara cavab vermək və söhbətə özü başlamaq üçün vaxt verilməlidir.
Araşdırmanın müəlliflərindən Maria İnes Qomesin sözlərinə görə, valideynlərin diqqətinin telefona yönəlməsi uşaqlarla üzbəüz ünsiyyət imkanlarını azalda bilər. Bu isə uşaqların danışıq səslərini öyrənməsi və istifadə etməsi üçün vacib olan təcrübəni məhdudlaşdırır.
Valideynlərin həddindən artıq müdaxiləsi də problem yarada bilər
Araşdırmada diqqət çəkən digər məqam ailədaxili münasibətlərlə bağlıdır.
Mütəxəssislər hesab edirlər ki, valideynlərin uşaqların əvəzinə tez-tez cavab verməsi, onların nə demək istədiyini əvvəlcədən təxmin edərək sözlərini tamamlaması müstəqil ünsiyyət bacarıqlarının inkişafına mane ola bilər.
Belə olduqda uşaq fikrini özü ifadə etmək, ünsiyyətə başlamaq və fərqli danışıq mühitlərində iştirak etmək üçün daha az imkan əldə edir.
Problem yalnız ekran qarşısında keçirilən vaxtla bağlı deyil
Tədqiqatçılar vurğulayırlar ki, uşaqların ekran qarşısında keçirdiyi vaxtla yanaşı, baxdıqları məzmunun növü və cihazlardan hansı şəraitdə istifadə etmələri də əhəmiyyətlidir.
Mütəxəssislər valideynlərə gündəlik həyatda telefonsuz vaxt ayırmağı, uşaqlarla daha çox söhbət etməyi və birgə oyunlara üstünlük verməyi tövsiyə edirlər.
Onların fikrincə, valideynlərin rəqəmsal vərdişlərini dəyişməsi və uşaqlarla canlı ünsiyyətə daha çox vaxt ayırması nitq inkişafı üçün faydalı ola bilər.
\\ Aydan Bünyatova, Editor.az