Uşaq hüquqları-sağlam gələcəyin təminatı


Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzində 20 Noyabr -Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə "Uşaq hüquqları-sağlam gələcəyin təminatı" adlı maarifləndirici görüş keçirilib. Görüşdə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ramin Ağayev, aparıcı məsləhətçi Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Lalə İmanova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Lerik Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili qrupunun baş inspektoru Amil Kərimov, Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndələri və fəal gənclər iştirak ediblər. Tədbirdə çıxışlar zamanı uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsinin təmin edilməsi, onların hüquq və vəzifələri, hüquqlarının pozulmasının qarşısının alınması, bu sahədə cəmiyyətin və dövlət qurumlarının üzərinə düşən məsuliyyət barədə ətraflı söhbət açılıb. Həmçinin uşaqların hüquqi maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb, onların üzləşə biləcəyi risklər, zərərli vərdişlərdən və hüquq pozuntularından qorunma yolları diqqətə çatdırılıb. İnteraktiv müzakirələr şəraitində davam edən görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbin müəllimi
