Ukrayna PUA-ları Tatarıstanda Rusiyanın neft boru kəməri sisteminin əsas qovşaqlarından birinə zərbə endirib


Noyabrın 19-na keçən gecə Tatarıstanda PUA hücumu təhlükəsi elan edilib, hücumun hədəfinin isə Almetyevsk yaxınlığındakı “Kaleykino” neft nasos stansiyası olduğu bildirilir.
Ordu.az xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tatarıstanın yeddi şəhərində, o cümlədən Almetyevsk, Naberejnıye Çelnı, Nijnekamsk və Yelabuqada bir neçə saat ərzində PUA hücumu təhlükəsi qüvvədə olub.
“Astra”nın məlumatına görə, hücumun hədəfi Almetyevskdən 5-8 kilometr məsafədə yerləşən “Kaleykino” neft nasos stansiyası olub. Obyekt Ukrayna sərhədindən təxminən 1 300 kilometr məsafədə yerləşir.
Yerli sakinlərin sözlərinə görə, hücumdan sonra stansiya istiqamətinə təcili tibbi yardım və yanğınsöndürən avtomobillər göndərilib. Hakimiyyət orqanları hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
“Kaleykino” neft nasos stansiyası “Transneft” şirkətinə məxsus Rusiyanın magistral neft boru kəmərləri sisteminin əsas obyektlərindən biridir. Burada Qərbi Sibirdən, Tatarıstandan, Udmurtiyadan və Başqırdıstandan gətirilən müxtəlif növ neft axınları qarışdırılır, sistemdə təzyiq saxlanılır və xam neft, o cümlədən “Drujba” neft kəmərinə yönləndirilmək üçün paylanılır.
Ukraynanın uzaqmənzilli PUA-ları daha əvvəl fevralın 23-də də bu stansiyaya hücum etmişdi. Həmin vaxt Rusiya Fövqəladə Hallar Nazirliyindəki “Astra” mənbəsi hər birinin tutumu 50 min kubmetr olan iki neft çəninin yandığını bildirmişdi.
Noyabrın əvvəlindən Ukrayna PUA-ları “Samara” xətti istehsalat-dispetçer stansiyasına iki dəfə hücum edib. Zərbələrdən birindən sonra obyektdə baş verən yanğını bir neçə gün ərzində söndürmək mümkün olmayıb.
Bu stansiya Rusiyada neftin nəqli və bölüşdürülməsi üzrə ən böyük qovşaqlardan biridir. Burada dörd magistral neft kəməri - “Almetyevsk-Kuybışev”, “Kaltasinski-Kuybışev”, “Nijnevartovsk-Kurqan-Kuybışev” və “Quryev-Kuybışev” birləşir.
Sonrakı nəqli üçün stansiyaya Qərbi Sibirdən, Tatarıstandan, Orenburqdan və Qazaxıstandan neft gətirilir.
Ukrayna Silahlı Qüvvələri ABŞ prezidenti Donald Trampın hücumların dayandırılması ilə bağlı tələbindən sonra yaranan qısamüddətli fasilənin ardınca oktyabrın sonunda Rusiyanın neft infrastrukturuna zərbələri bərpa edib.
Məlumatlı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, həmin dövrdə Ukrayna PUA-ları Rusiyanın 35 böyük neft emalı zavodundan 15-nin fəaliyyətini pozub və ya onları tamamilə sıradan çıxarıb. Həmin mənbələrin məlumatına görə, nəticədə Rusiyada neft emalının ümumi həcmi oktyabrın sonundakı göstərici ilə müqayisədə 45 faiz azalıb.
Sevinc Əliyeva Ordu.az