Uitkoff: Avropa liderləri Ukraynada sülhə ciddi yanaşırlar


BAKI, 20 noyabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Avropa liderlərinin Ukrayna münaqişəsinin həlli istiqamətində ciddi iradə nümayiş etdirdiklərini bildirib.
Teleqraf xəbər verir ki, Uitkoff bu barədə Berlində keçirilən “İstəklilər koalisiyası”nın görüşünün nəticələrini “X” hesabında şərh edərkən yazıb.
Görüşdə Uitkoffla yanaşı, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edib.
“Berlində əsas məqsədimiz avropalı tərəfdaşlarla birbaşa əlaqə qurmaq, fikir mübadiləsi aparmaq və növbəti addımları müzakirə etmək idi. Danışıqlar açıq və məhsuldar keçdi. Bütün iştirakçıların nümayiş etdirdiyi ciddi yanaşmanı və qətiyyəti yüksək qiymətləndiririk”, – Uitkoff bildirib.
O vurğulayıb ki, qarşıda mühüm işlər dayanır və ABŞ davamlı sülhə nail olmaq üçün müttəfiqləri ilə sıx koordinasiyada fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Avropa İttifaqı liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə Rusiya, ABŞ və Ukrayna ilə texniki danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.
