İlk dəfə bir dövlət müsəlmanların soyqırımında günahkar bilindi


BMT-nin Beynəlxalq Məhkəməsi Myanmanı rohinca müsəlman azlığına qarşı soyqırımı törətməkdə təqsirli bilib.
Publika.az xəbər verir ki, qərarı doqquz hakim dəstəkləyib, altı hakim isə əleyhinə səs verib.
Bu məhkəmə öz tarixində ilk dəfə olaraq bir dövləti soyqırımı törətməkdə məsuliyyət daşıyan tərəf kimi tanıyıb. Haaqada Qambiyanın iddiası üzrə qərarı açıqlayan məhkəmənin sədri Yuji İvasava bildirib ki, Myanma “Rakhayn ştatının şimalında rohinca qrupuna qarşı soyqırımı törədərək Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya üzrə öhdəliklərini pozub”.
Məhkəmənin müəyyən etdiyi kimi, 2017-ci ildə keçirilən əməliyyat zamanı Myanmanın təhlükəsizlik qüvvələri rohinca icmasına mənsub minlərlə dinc sakini öldürüb və Banqladeşə qaçmağa çalışan insanlara hücum edib. Hakimlərin qiymətləndirməsinə görə, onlar “rohincaların əhəmiyyətli bir hissəsini məhv etmək niyyəti ilə hərəkət ediblər”. Məhkəmə prosesi zamanı Myanma hakimiyyəti əməliyyatın silahlılara qarşı həyata keçirildiyini iddia edib.
2019-cu il noyabrın 11-də Qambiya BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Ölkə məhkəmədən Myanmanın Konvensiya üzrə öhdəliklərini pozduğunu tanımasını, onu iddia edilən beynəlxalq hüquq pozuntusu əməllərinə son qoymağa məcbur etməsini, rohinca icmasına qarşı soyqırımının qurbanlarının maraqları naminə vurulmuş zərərin ödənilməsini təmin etməsini və pozuntuların təkrarlanmayacağına dair təminatlar verməsini istəyib.
2020-ci il yanvarın 23-də məhkəmə Myanmaya qarşı müvəqqəti tədbirlərin görülməsi barədə qərar qəbul edib. Sonradan Myanma hakimiyyəti məhkəmənin yurisdiksiyasına və Qambiyanın müraciətinin qəbuledilənliyinə dair ilkin etirazlar irəli sürüb. 2022-ci il iyulun 22-də məhkəmə iddiaya baxmaq üçün yurisdiksiyasının olduğunu təsdiqləyib və müraciəti qəbuledilən hesab edib.
İşə daha 11 ölkə də qoşulub: Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Konqo Demokratik Respublikası, İrlandiya, Kanada, Maldiv adaları, Niderland, Sloveniya və Fransa. Məhkəmə həmin ölkələrin yazılı qeydlərini kifayət hesab edərək onları şifahi dinləmələrə cəlb etməyib. İşin mahiyyəti üzrə dinləmələr cari ilin yanvarın 12-dən 29-dək keçirilib.
Rohincalar Myanmanın islam dininə etiqad edən etnodini azlığıdır. Myanma hakimiyyəti onları Banqladeşdən gəlmiş qeyri-qanuni miqrantlar hesab edir və onlara vətəndaşlıq vermir. Rohincalar Banqladeşlə həmsərhəd Rakhayn ştatında məskunlaşıblar. Bu bölgədə buddistlərlə onların arasında dəfələrlə toqquşmalar baş verib. Rohincaların bir çoxu Myanmadan Banqladeşə qaçıb.
2017-ci ilin avqustunda “Rohincaların Arakan Xilasetmə Ordusu” hərəkatının silahlıları polisin 30 dayaq məntəqəsinə hücum ediblər. Bundan sonra bölgədə hökumət qüvvələrinin hərbi əməliyyatı başlayıb. Rohinca icmasına mənsub yüz minlərlə qaçqın Banqladeşə keçib.
Hüseyn İbadlı
