Uitkof və Kuşner avropalılarla danışıqlara görə Çinə səfər etməyiblər


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner Avropa rəsmiləri ilə danışıqlarda iştirak etdikləri üçün Çin səfərinə qatılmayıblar.
Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri, Rusiya prezidentinin xarici iqtisadi və investisiya əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev noyabrın 18-də bildirib.
Ağ Ev rəhbərinin kürəkəni və iş adamı Cared Kuşner, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun Çinə gəlməsi gözlənilirdi. Lakin hazırda onlar Avropa rəsmiləri ilə danışıqlarla məşğuldurlar.
“Stiv Uitkof və Cared Kuşner ABŞ nümayəndə heyətinin tərkibində olmalı idilər, lakin hazırda Avropa təhlükəsizliyinin mümkün arxitekturasını aydınlaşdırmaq üçün avropalı tərəfdaşlarla işləyirlər”, - deyə Dmitriyev bildirib.
Onun sözlərinə görə, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən kənarda da işlər davam edir. Bununla belə, bütün diqqət, şübhəsiz ki, Çinin Şençjen şəhərində baş verən hadisələrə yönəlib.
Dmitriyev Avropa təhlükəsizliyi ilə bağlı yanaşmalar ətrafında danışıqların davam etdirilməsinin son dərəcə vacib olduğunu vurğulayıb. O, Uitkof və Kuşnerin sammitə qatılmamasının səbəbini də bununla əlaqələndirib.
Həmin gün Dmitriyev Avropa liderlərinin Ukrayna münaqişəsinin nizamlanmasına mane olan siyasi kursa sadiq qaldıqlarını bildirib. Onun sözlərinə görə, Avropa liderləri ABŞ prezidenti Donald Trampın və administrasiyasının sülh təşəbbüslərinə məhəl qoymurlar.
Sevinc Əliyeva Ordu.az
