Türkiyənin hərbi texnologiyasında uğur | Dronlara qarşı tətbiq edilən sistem necə işləyir? - Baku TV


Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparan "Ejderha" sisteminin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Sistem güclü elektromaqnit şüalanması vasitəsilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirə bilir. Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, sınaqların birinci mərhələsində sistem təxminən 1000 metr məsafədə kabellə idarə olunan iki dronu sıradan çıxarıb. İkinci mərhələdə isə "Ejderha" eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.
Şirkətin açıqlamasına görə, sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəf alır. Bu texnologiya raket və ya digər sursatlardan istifadə etmədən dronların fəaliyyətinin pozulmasına, onların yenidən işə salınmasına və ya tamamilə sıradan çıxarılmasına imkan verir.
ASELSAN-ın baş direktoru Ahmet Akyol sınağı şirkət üçün mühüm nailiyyət adlandırıb. O, "Ejderha" sisteminin artıq istifadəyə verildiyini və kütləvi istehsalına başlanıldığını açıqlayıb. Sistem Türkiyənin çoxqatlı "Polad Günbəz" hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq.