Türkiyə Müdafiə Nazirliyi Türkiyə-Qətər Birgə Müdafiə Sazişinin təfərrüatlarını açıqlayıb


Türkiyə Müdafiə Nazirliyi Türkiyə və Qətər arasında imzalanan Birgə Müdafiə Sazişinin avtomatik olaraq hərbi qüvvə göndərmək öhdəliyi yaratmadığını bildirib.
Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqində iki ölkə arasında imzalanan sazişin əhatə dairəsi ilə bağlı açıqlama verib.
Nazirlik sazişin hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağı, müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyi və regional çəkindirməni gücləndirməyi hədəflədiyini bildirib.
Türkiyə Müdafiə Nazirliyi tərəflərdən birinə qarşı xarici mənbəli silahlı hücum baş verəcəyi təqdirdə göstərilə biləcək dəstəyin müvafiq ölkənin açıq müraciəti və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəyini açıqlayıb.
Dəstəyin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində qiymətləndiriləcəyi bildirilib. Sazişin hər hansı hücum zamanı avtomatik olaraq hərbi qüvvə göndərmək öhdəliyi yaratmadığı vurğulanıb.
Nazirlik hazırkı mərhələdə saziş çərçivəsində şəxsi heyətin, hərbi qüvvələrin və ya maliyyə vəsaitinin ayrılması ilə bağlı məcburi qərarın olmadığını qeyd edib.
Saziş çərçivəsində Türkiyə və Qətər arasında müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi hədəflənir.
Bu istiqamətdə birgə istehsal, texnologiyaların inkişafı, birgə təlim və təlimlər, eləcə də hərbi qulluqçuların mübadiləsi sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
İki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması da sazişin prioritetləri sırasındadır.
Türkiyə Müdafiə Nazirliyi sazişin icrası ilə bağlı siyasi qərarların iki ölkənin xarici işlər və müdafiə nazirlərindən, yaxud onların səlahiyyət verdiyi nümayəndələrdən ibarət Yüksək Strateji Şurada qarşılıqlı razılıq əsasında qəbul ediləcəyini açıqlayıb.
Mümkün birgə fəaliyyətlərin xərclərinin və maliyyə yükünün bölüşdürülməsi də Şura tərəfindən müəyyən ediləcək.
Türkiyənin NATO çərçivəsindəki hüquq və öhdəliklərinin qüvvədə qalacağı saziş onun qüvvəyə minməsindən etibarən ilkin olaraq 10 illik müddəti əhatə edəcək.
Müəyyən edilmiş şərtlər çərçivəsində sazişin müddəti hər dəfə 5 il olmaqla uzadıla bilər.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
