Trampın İrana qarşı blokadasında Ermənistan boşluğu: Tehran Moskva ilə birlikdə Cənubi Qafqazdan yeni təchizat marşrutu yaradır


“ABŞ-nin İrana qarşı iqtisadi təzyiq kampaniyasından yayınmaq üçün ən perspektivli marşrutlardan biri Vaşinqtonun son 15 ay ərzində yaxın münasibətlər qurmağa çalışdığı Ermənistan ərazisindən keçir”.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “The National Interest” nəşri “Trampın İrana qarşı blokadasında Ermənistan boşluğu: Tehran Moskva ilə birlikdə Cənubi Qafqazdan yeni təchizat marşrutu yaradır” başlıqlı məqaləsində yazıb.
Məqalənin müəllifi Cozef Epşteyn bildirib ki, ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində İrana qarşı iqtisadi təzyiqləri gücləndirib. Lakin İranın bu təzyiqlərdən yayınması üçün istifadə edə biləcəyi marşrutlardan biri Ermənistan ərazisindən keçir. Müəllifin fikrincə, Vaşinqton Ermənistanla münasibətlərini son dövrlərdə əhəmiyyətli dərəcədə inkişaf etdirsə də, Tehran Moskva ilə birlikdə bu ölkənin cənub sərhədini ABŞ-nin blokadasından yan keçən təchizat dəhlizinə çevirməyə hazırlaşır.
“Vaşinqton Ermənistanın Azərbaycanla sülhünü təmin edən razılaşmaya vasitəçilik edib, nüvə sahəsində milyardlarla dollarlıq əməkdaşlıq təklif edib və qabaqcıl ABŞ çiplərinin ixracına icazə verib. İndi isə Tehran Moskva ilə birlikdə Ermənistanın cənub sərhədini Amerika blokadasından yan keçən təchizat dəhlizinə çevirməyə hazırlaşır. ABŞ-nin bu marşrutu bağlamaq üçün imkanları var və yük maşınlarının hərəkəti artmadan əvvəl Vaşinqton buna müdaxilə etməlidir”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri apreldən etibarən İranın cənub limanlarının fəaliyyətini bloklayıb. ABŞ Mərkəzi Komandanlığının qiymətləndirməsinə görə, bu blokada İranın 25 milyard dollardan çox xam neftinin dünya bazarına çıxmasının qarşısını alıb.
Nəşr bildirib ki, noyabrın 7-də admiral Bred Kuper “Dəmir Qapı” adlı əməliyyat qrupu vasitəsilə kampaniyanı şimala doğru genişləndirib. Bu qrupun əsas vəzifəsi qabaqcıl silahların, ikili təyinatlı texnologiyaların və sanksiya tətbiq edilən malların İranın quru sərhədlərindən və Xəzər dənizindən keçirilməsinin qarşısını almaqdır.
“Rusiya Xəzər dənizi vasitəsilə İrana silah göndərib və bu marşrut ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindən kənarda qalıb. Əslində, ABŞ Mərkəzi Komandanlığının Xəzər dənizində hərbi gəmiləri, İranın şimal sərhədlərində isə qoşunları yoxdur. “Dəmir Qapı” əməliyyatının uğurlu olub-olmayacağı həmin sərhədlərin digər tərəfində yerləşən ölkələrin hökumətlərindən asılı olacaq”, - deyə məqalədə vurğulanıb.
Müəllifin sözlərinə görə, İran yaranmış boşluğu dərhal görüb. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi noyabrın 10-da Rusiya səfiri ilə Xəzər dənizi və “Dəmir Qapı” əməliyyatına qarşı mümkün tədbirləri müzakirə etdiyini açıqlayıb. O, ABŞ-nin bu addımlarını Tehranın fikrincə, birtərəfli tədbirlər kimi qiymətləndirib.
Bundan bir gün sonra İran nümayəndə heyəti İrəvanda İran-Ermənistan Birgə İqtisadi Komissiyasının iclasını başa çatdırıb. Görüşün sonunda əməkdaşlıq sənədi imzalanıb və tikinti işlərinin qrafiki razılaşdırılıb.
İranın Ermənistana daha çox qaz tədarük edib-etməyəcəyi ilə bağlı suala İranın vitse-prezidenti Həmid Purməhəmmədi belə cavab verib: “Ermənistandan daha yaxşı dostumuz kim ola bilər?”.
Məqalədə qeyd olunub ki, Purməhəmmədi İranın bir ay ərzində Araz çayı üzərində ikinci körpünün tikintisinə başlayacağını da bildirib. Bu layihənin əsas məqsədi Norduz sərhəd-keçid məntəqəsindən gündəlik yük maşınlarının sayını 300-dən 500-ə çatdırmaqdır.
“The National Interest” yazır ki, hüquqi və coğrafi amillər Ermənistanı İran üçün sanksiyalardan yayınma marşrutu roluna uyğun ölkəyə çevirir. Belə ki, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin İranla quru sərhədi olan yeganə digər üzvü yoxdur. Tehranla bu birlik arasında 2025-ci ilin mayından qüvvədə olan azad ticarət sazişi isə malların həmin sərhəddən minimal gömrük rüsumları ilə keçirilməsinə imkan yaradır.
“Rusiya yükləri Xəzər dənizinə yaxınlaşmadan, Gürcüstan ərazisindən keçən avtomobil yolu ilə İran-Ermənistan sərhədinə çata bilər. Aprel ayında iranlı deputatlardan biri İranın dəniz blokadasından yayınmaq üçün artıq istifadə etdiyi quru marşrutlar sırasında Ermənistanın da adını çəkmişdi. Moskvanın rəhbərlik etdiyi ticarət blokunun gömrük qaydaları çərçivəsində həmin sərhəd-keçid məntəqəsindən keçən yük maşınlarının sayını üçdə iki nisbətində artırmaq isə “Dəmir Qapı” əməliyyatının qarşısını almaq üçün nəzərdə tutulduğu ikili təyinatlı komponentlərin daşınması üzrə hazır marşrut yaradacaq”, - deyə nəşr qeyd edib.
Məqalənin növbəti hissəsində bildirilir ki, Tramp administrasiyası Ermənistan üzərində strateji təsir imkanlarına malikdir. Müəllif xatırladıb ki, 2025-ci ilin avqustunda Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevi Ağ Evdə bir araya gətirərək, 30 il ərzində nəticə verməyən xarici vasitəçilik səylərindən sonra sülh razılaşmasına nail olunmasına vasitəçilik edib.
“Bundan başqa, ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevral ayında İrəvana səfər edərək, Ermənistana səfər edən vəzifədə olan ilk ABŞ vitse-prezidenti olub. Səfər zamanı ümumi dəyəri 9 milyard dollara çata biləcək nüvə enerjisi əməkdaşlığı üzrə danışıqlar yekunlaşdırılıb. Həmçinin qabaqcıl “Nvidia” çiplərinin ixracı üçün nadir və yüksək gəlirli lisenziyanın verildiyi açıqlanıb.
May ayında ABŞ-nin dövlət katibi Marko Rubio İrəvana səfər edərək strateji tərəfdaşlıq xartiyasını imzalayıb. Tramp isə 2026-cı ilin iyununda keçirilən parlament seçkiləri ərəfəsində Paşinyana “tam və qəti dəstəyini” ifadə edib”, - deyə məqalədə bildirilib.
Nəşrin fikrincə, bu mövqe Paşinyanın seçkidə qələbəsinə müəyyən töhfə vermiş ola bilər.
Məqalədə, həmçinin Ermənistan parlamentinin ötən ay Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin çərçivə sənədini ratifikasiya etdiyi vurğulanıb. Bu dəhliz Ermənistanın cənubundan keçməklə Azərbaycanı Naxçıvanla, Mərkəzi Asiyanı isə Avropa ilə birləşdirməlidir.
Müəllif hesab edir ki, bütün bunlar Vaşinqtona İrəvanla münasibətlərdə müəyyən şərtlər irəli sürmək imkanı verir.
“Bununla belə, həmin imkanların məhdudiyyətləri də var. Ermənistan uzun müddətdir iki açıq sərhədə arxalanır və İrandan aldığı qazla mallar ölkə üçün həyati əhəmiyyət daşıyır. Heç bir ABŞ diplomatı İrəvandan bu tədarükü tamamilə dayandırmağı gözləməməlidir.
Bununla belə, nüvə əməkdaşlığı, çip lisenziyaları və TRIPP investisiyaları yalnız İrəvan üç öhdəliyi qəbul etdiyi halda davam etdirilməlidir. Bunlar Ağarak sərhəd-keçid məntəqəsində gömrük məlumatlarına ABŞ-nin çıxışının təmin edilməsi, İrana göndərilən Rusiya mənşəli ikili təyinatlı yüklərin tranzitinin qadağan olunması və ABŞ-nin İrana qarşı blokadası davam etdiyi müddətdə ikinci körpü də daxil olmaqla, sərhədin yeni buraxılış imkanlarının artırılmasının dayandırılmasıdır”, - deyə nəşr yazıb.
Məqalədə bu məhdudiyyətlərin əsaslı olduğu və düzgün təşviq mexanizmləri vasitəsilə həyata keçirilə biləcəyi bildirilib. Müəllifin fikrincə, ABŞ qabaqcıl texnologiyalarını yalnız məhdud sayda ölkə ilə bölüşür və cənub sərhədi İslam İnqilabı Keşikçiləri Korpusu üçün təchizat xəttinə çevrilən hökumətə bu texnologiyaların verilməsini davam etdirməməlidir.
Nəşr hesab edir ki, ABŞ Ermənistan üçün İrandan daha etibarlı tərəfdaş ola bilər. Məqalədə Paşinyanın İrandan ehtiyatlanmaq üçün əsaslarının olduğu, Vaşinqtonun isə bu narahatlıqları birbaşa aradan qaldırmalı olduğu qeyd edilir.
İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti bu ay yazıb ki, o, Ermənistanın səfirinə Tramp və müttəfiqləri dəhliz məsələsində İranın “qırmızı xəttini” keçəcəyi təqdirdə “onların ayaqlarını sındıracağımızı” bildirdiyini deyib.
“İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın şərhçilər Bakı-Tbilisi-Ceyhan neft kəmərini “Hörmüz boğazı 2.0” adlandırıblar. Bu kəmər Xəzər neftini Aralıq dənizinə daşıyır və İsrailin neft tələbatının təxminən üçdə birini təmin edir. Buna görə də İranın həmin infrastrukturu təhdid etmək və coğrafi mövqeyindən istifadə edərək güzəştlər əldə etməkdə maraqlı olduğu bildirilir”, - deyə nəşr bildirib.
Müəllif xatırladıb ki, Tehran artıq bu istiqamətdə addımlar atıb.
“Belə ki, mart ayında Azərbaycanın təhlükəsizlik xidməti İslam İnqilabı Keşikçiləri Korpusunun qaçaqmalçılıq yolu ilə gətirilmiş C-4 partlayıcısından istifadə edərək neft kəmərinə hücum planının qarşısını aldığını açıqlayıb. Bu hadisə İran PUA-larının Naxçıvan hava limanına zərbələr endirməsindən bir neçə gün sonra baş verib”, - deyə nəşr bildirib.
Məqalədə vurğulanır ki, Ermənistan İranla müqayisədə xeyli kiçik dövlətdir və Vaşinqtonun böhran zamanı necə reaksiya verəcəyini bilmədən ABŞ-nin maraqları naminə Tehrana qarşı çıxmağa hazır olmaya bilər.
“Tramp administrasiyası mövqeyini aydın şəkildə ortaya qoymalıdır. ABŞ Cənubi Qafqazın Fars körfəzi ilə eyni səviyyədə Amerika müdafiəsindən yararlandığını açıq şəkildə bəyan etməlidir. Vaşinqton TRIPP-ə, Bakı-Tbilisi-Ceyhan kəmərinə, yaxud Ermənistan və Azərbaycanın ərazisinə hücumun Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərinin neft obyektlərinə hücumla eyni gücdə cavablandırılacağını bildirməlidir”, - deyə nəşr yazıb.
Müəllifin fikrincə, İran il ərzində Vaşinqtonla əməkdaşlıq edən şimal qonşularını təhdid edib və ABŞ-nin diqqətinin yalnız Fars körfəzi ilə məhdudlaşacağına ümid bəsləyib.
“Bununla belə, Tehran ABŞ-nin Cənubi Qafqazdakı fəaliyyətinə mane olmaq imkanına malik olmamalıdır. Bu yanaşmanın dəyişdirilməsi ABŞ-nin regiondakı etibarlılığı baxımından vacibdir”, - deyə nəşr qeyd edib.
Məqalənin sonunda isə bildirilir ki, “Dəmir Qapı” əməliyyatının taleyi Ermənistan gömrük əməkdaşlarının səlahiyyət sahibi olduğu, ABŞ-nin isə birbaşa nəzarət imkanına malik olmadığı Ağarak kimi sərhəd-keçid məntəqələrində həll olunacaq.
“İrəvanın əməkdaşlığı artıq reaktorlar, çiplər, sülh razılaşması və prezidentin adını daşıyan dəhliz vasitəsilə qarşılanıb. İkinci körpü açılmadan əvvəl administrasiya bu əməkdaşlığın qarşılığını almalıdır”, - deyə “The National Interest” nəşri məqaləni yekunlaşdırıb.
Alpər Mövludoğlu Ordu.az
