23 il əvvəlki İraq ssenarisi İran üçün işə salınıb – Bəqayi


“İran ABŞ-ın Tehranın bioloji və kimyəvi silahlar hazırlaması ilə bağlı irəli sürdüyü iddiaların arxasında hərbi müdaxiləyə zəmin hazırlamaq niyyətinin dayandığını düşünür”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat yayıb.
O, Vaşinqtonun əvvəlcə İranın nüvə proqramı ətrafında təhlükə narrativi formalaşdırdığını, indi isə ölkənin kimyəvi və bioloji silahlar hazırlaya biləcəyinə dair iddialar səsləndirdiyini qeyd edib.
Bəqayi ABŞ rəsmilərinə 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında Kolin Pauellin çıxışını xatırladıb:
“Həmin vaxt ABŞ-ın dövlət katibi Kolin Pauell İraqın kütləvi qırğın silahlarına malik olmasına dair iddiaları əsaslandırmaq üçün əlində kiçik bir flakon nümayiş etdirmişdi. Bu hadisə sonradan müasir tarixin ən ciddi kəşfiyyat uğursuzluqlarından və siyasi manipulyasiya nümunələrindən biri kimi yadda qalıb”.
İran XİN rəsmisi hazırda da oxşar ssenarinin təkrarlandığını və Tehrana qarşı yeni əsassız ittihamların irəli sürüldüyünü iddia edib.
Safura Bənnayeva Globalinfo.az