Trampdan nüvə silahları ilə bağlı etiraf: Çin və Rusiya ilə razılaşmaq asan olmayacaq


20.11.2026 - 11:00
17
ABŞ prezidenti Donald Tramp Çin və Rusiya ilə nüvə silahlarının məhdudlaşdırılması məsələsində ortaq razılığa gəlməyin çətin olacağını etiraf edib. Bununla belə, Ağ Ev rəhbəri bu istiqamətdə danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə noyabrın 19-da Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra “Reuters” agentliyinə müsahibəsində danışıb.
Çində keçirilən üçtərəfli sammitdən sonra Vaşinqtona qayıdan Tramp telefon danışığı zamanı nüvə silahlarının məhdudlaşdırılması ideyasını dəstəklədiyini, lakin bunun siyasi və diplomatik baxımdan mürəkkəb məsələ olduğunu bildirib.
“Bu ideyanı çox bəyənirəm, amma sırf danışıqlar baxımından bu, prezident kimi mənim üçün çox çətin məsələdir”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti Si Cinpinin də nüvə silahlarının məhdudlaşdırılması ideyası ilə razı olduğunu söyləyib. Bununla yanaşı, mövcud nüvə arsenalından imtina etməyin asan olmadığını vurğulayıb.
“4000 nüvə silahımız var, yarısından imtina edəcəyik” demək çox çətindir. Bunu etmək çətindir”, – deyə Tramp bildirib.
O əlavə edib ki, bu məsələyə yenidən qayıtmaq və danışıqları davam etdirmək niyyətindədir. Trampın sözlərinə görə, nüvə silahlarının azaldılması zəruridir, lakin bu istiqamətdə qərar qəbul etmək psixoloji baxımdan da çətinlik yaradır.
Məlumata görə, Trampın Çin səfəri zamanı əsas prioritetlərindən biri ABŞ, Rusiya və Çin arasında nüvə silahlarına nəzarət üzrə üçtərəfli danışıqlara başlamaq olub. Lakin Pekin nüvə arsenalını genişləndirdiyi bir vaxtda bu mövzunun müzakirəsinə ehtiyatla yanaşır.
“Atom Elmləri Bülleteni”nin məlumatına əsasən, 2023-cü ildə Çinin nüvə arsenalında təxminən 410 döyüş başlığı olub. ABŞ-ın nüvə arsenalındakı başlıqların sayı isə təxminən 3708 olaraq qiymətləndirilib. 2026-cı ilin martına aid hesablamalara görə, Rusiyanın təxminən 5420 nüvə başlığı mövcuddur.
Çin son illərdə nüvə arsenalını sürətlə genişləndirən ölkələrdən biridir. Pentaqonun proqnozlarına əsasən, 2030-cu ilə qədər Çinin döyüş hazırlığında olan nüvə başlıqlarının sayı 1000-i ötə bilər.
Şençjendə keçirilən üçtərəfli görüşdən sonra yayılan birgə bəyanatda liderlər nüvə müharibəsinin qalibinin olmayacağını və belə bir müharibənin heç vaxt baş verməməli olduğunu bir daha təsdiqləyiblər.
Bəyanatda, həmçinin nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri üzrə dialoqun davam etdirilməsi barədə razılıq əldə olunduğu bildirilib.
1 mənbə
