Tramp, Putin və Si Cinpinin gizli ZİRVƏSİ: Dünyanı silkələyəcək QƏRAR OLACAQMI?


Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti beynəlxalq siyasətin diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilir. Liderlərin müzakirə masasında Rusiya-Ukrayna müharibəsi, İran ətrafında gərginlik və nüvə silahları ilə bağlı məsələlərin yer alacağı proqnozlaşdırılır. Bəs bu görüş qlobal siyasi proseslərə təsir göstərəcək ortaq qərarların qəbuluna yol aça biləcəkmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu NOCOMMENT.az-a açıqlamasında bildirib ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Tərəflər liderlərin Çində müzakirə edəcəyi məsələləri müəyyənləşdiriblər.
Politoloqun sözlərinə görə, Donald Tramp görüş zamanı Vladimir Putinin Ukrayna siyasətini dəyişib-dəyişməyəcəyini müəyyənləşdirməyə çalışacaq. Lakin Rusiya liderinin mövqeyində hər hansı dəyişikliyə işarə yoxdur. Əbu-Dabidə keçirilən danışıqlar da bunu göstərir.
Ekspert qeyd edib ki, Tramp atəşkəsə nail olmağa çalışsa da, Putin Donbasın tamamilə Rusiyaya verilməsi şərti ilə buna razılaşa biləcəyini vurğulayır. Bundan əlavə, Moskvanın Avropada yeni təhlükəsizlik arxitekturasının qurulması ilə bağlı tələbləri də var. Brüssel isə Avropanın yeni təhlükəsizlik arxitekturasına ehtiyac duymadığı qənaətindədir.
Elxan Şahinoğlu hesab edir ki, Putin və Si Cinpin İran məsələsində də Trampın mövqeyini dəstəkləməyəcəklər. Onun sözlərinə görə, ABŞ kəşfiyyatının son məlumatlarında İranın ballistik raketlərinin sayının 2 mini keçdiyi bildirilir. Tramp Rusiya və Çin liderlərini Tehrana təzyiq göstərməyə inandırmağa çalışacaq. Ancaq Moskva və Pekinin belə bir niyyəti yoxdur. Əksinə, hər iki ölkə İranın ABŞ qarşısında müqavimət imkanlarının güclənməsində maraqlıdır.
Politoloq əlavə edib ki, ABŞ rəsmilərinin açıqlamalarına görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlər hesabına raket istehsalını davam etdirir. Həmin komponentlərin Rusiya və Çindən əldə edildiyi ehtimal olunur.
Ekspertin diqqət çəkdiyi digər məsələ isə nüvə silahları ilə bağlı razılaşmalardır. Trampın Çindən nüvə razılaşmalarına qoşulmasını istəyəcəyini bildirən Şahinoğlu qeyd edib ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmalarına əsasən, Rusiyanın 4 400, ABŞ-ın 3 700, Çinin isə 620 nüvə başlığı var.
Onun sözlərinə görə, Soyuq müharibə dövründə ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının müxtəlif növlərinə dair razılaşmalar mövcud olub. SSRİ dağıldıqdan sonra bu razılaşmalar Rusiyaya miras qalıb. Çin isə həmin müqavilələrin kənarında qalıb və Vaşinqtonun istəyinə baxmayaraq, onlara qoşulmaq niyyətində deyil. Bu vəziyyət Pekinə nüvə arsenalını məhdudlaşdırıcı razılaşmalar olmadan artırmaq imkanı verir.
Şahinoğlu Hindistanın mövqeyinə də toxunub. Bildirib ki, Baş nazir Narendra Modinin gündəliyi fərqli olsa da, Yeni Dehli ABŞ, Rusiya və Çin liderlərinin Ukrayna müharibəsinin dayandırılması və İran məsələsində ortaq mövqeyə gəlməsində maraqlıdır.
Politoloqun sözlərinə görə, Modi noyabrın 15-də Manilada başlayan ASEAN sammitində Hindistanın Qlobal Cənub siyasəti çərçivəsində region ölkələri ilə ikitərəfli əlaqələri gücləndirməyə çalışdığını bəyan edib. ASEAN üzvləri ilə əməkdaşlıq Yeni Dehlinin “Şərqə Doğru Hərəkət” siyasətinin əsas istiqamətlərindəndir.
Ekspert vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik Hindistanın enerji və digər strateji məhsullara çıxış imkanlarını məhdudlaşdırıb. Buna görə də Yeni Dehli böyük güclər arasında mümkün razılaşmalardan faydalanmağa çalışır.
Əli,
NOCOMMENT.az
1 mənbə