Tramp FTB-yə qarşı kiberhücumun ABŞ üçün faydalı ola biləcəyini bildirib


ABŞ prezidenti Donald Tramp federal hökumətə qarşı son kiberhücumun, hakerlərin FTB-nin cinayət məlumatlarının saxlandığı sisteminə daxil olmasına baxmayaraq, ölkə üçün müəyyən fayda verə biləcəyini iddia edib.
Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp şənbə günü “Fox News” telekanalına müsahibəsində federal hökumətə qarşı yaxın vaxtlarda həyata keçirilən kiberhücumun faydalı ola biləcəyini bildirib. Hakerlər Federal Təhqiqatlar Bürosunun (FTB) cinayət məlumatlarını ehtiva edən sisteminə giriş əldə ediblər.
Son hücum FTB-nin Milli Cinayət Məlumatları Mərkəzini (NCIC) hədəf alıb.
“Bəlkə də başqa halda heç vaxt öyrənə bilməyəcəyimiz məlumatları əldə edəcəyik”, - deyə Tramp bildirib. O, vəziyyətə “müsbət tərəfdən baxmağa” çalışdığını da əlavə edib.
Sistemə qanunsuz müdaxilənin mümkün nəticələrindən danışan Tramp özünün “Rusiya saxtakarlığı” və “Ukrayna saxtakarlığı” adlandırdığı araşdırmaları xatırladıb. O, hücumun seçki saxtakarlığı ilə bağlı ehtimal olunan halları daha dərindən öyrənməyə kömək edə biləcəyini də iddia edib.
Bununla yanaşı, oğurlanmış məlumatların həmin mövzularla əlaqəli olduğunu göstərən heç bir məlumat təqdim edilməyib.
Bu, son dövrlərdə FTB-yə qarşı həyata keçirilən ilk ciddi kiberhücum deyil. Sentyabr ayında hakerlər büronun minlərlə əməkdaşının, eləcə də Ədliyyə Nazirliyinin federal prokurorluq idarələrində çalışan xeyli sayda əməkdaşının şəxsi məlumatlarına giriş əldə etmişdilər.
Son günlər üçüncü tərəf xidmət təminatçıları vasitəsilə həyata keçirilən hücumlar nəticəsində Karnegi Beynəlxalq Sülh Fondunun və “JPMorgan Chase” bankının da məlumatları təhlükə altına düşüb. Nəticədə donorların və müştərilərin məlumatları açıqlanıb.
Eyni zamanda ABŞ-də dövlət və özəl sistemlərin fəaliyyətində bir sıra nasazlıqlar baş verib. Bu problemlər “Microsoft”, “Apple”, Federal Aviasiya Administrasiyası və Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə də təsir edib.
Baş verən hadisələr qanunvericilər arasında narahatlıq yaradıb. Onlar bütün bunların təsadüfi texniki nasazlıqlardan daha ciddi səbəblərlə bağlı ola biləcəyindən ehtiyat edirlər.
Bununla belə, milli təhlükəsizlik qurumlarının nümayəndələri nasazlıqların əksəriyyətinin daxili yeniləmələr və sistemlərdəki zəifliklərin aradan qaldırılması ilə əlaqəli olduğunu bildiriblər.
Nümayəndələr Palatasının Nəzarət Komitəsində keçirilən dinləmələr zamanı konqresmen Nik LaLota baş verənləri təsadüflərlə izah etməyin mümkünlüyünə şübhə ilə yanaşıb.
Kibertəhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda, cümə axşamı Milli Kibertəhlükəsizlik Administrasiyasının direktoru Şon Kernkross istefa verib. KİV-lərin məlumatına görə, onun vəzifədən getməsi Ağ Evin təzyiqləri fonunda baş verib.
Daha sonra Tramp jurnalistlərə açıqlamasında Kernkrossu bu vəzifə üçün kifayət qədər səriştəli hesab etmədiyini bildirib.
Sevinc Əliyeva Ordu.az
