Tramp Avropa İttifaqının Ukraynaya milyardlarla dollar yardım ayırmasından narazıdır


ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışığında Ukraynaya əlavə maliyyə yardımının ayrılmasını tənqid edərək müharibəyə çəkilən xərclərin azaldılmasına çağırıb.
Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Noyabrın 19-da Avropa liderləri ilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp Avropanı Ukraynaya milyardlarla dollar həcmində yardım göstərdiyinə görə tənqid edib.
Jurnalistlərin danışdığı mənbələr bildiriblər ki, Tramp “İstəklilər koalisiyası”na daxil olan ölkələrin Ukraynaya əlavə milyardlarla dollar yardım ayırmasına şübhə ilə yanaşdığını ifadə edib.
ABŞ prezidenti konkret ölkələrin adını çəkməyib, ümumi şəkildə danışıb. O, müharibədə çoxlu insanın həlak olduğunu vurğulayaraq ölkələrin bu məqsədlə pul xərcləməyi dayandırmalı olduğunu bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə görüşünü başa vuran Tramp prezident təyyarəsinin göyərtəsindən Berlinə zəng edib. Həmin vaxt Berlində “İstəklilər koalisiyası”nın iclası keçirilirdi.
Telefon danışığı zamanı Tramp Putinin Ukrayna ilə bağlı sülh danışıqlarına ciddi yanaşdığını bildirib.
Tramp jurnalistlərlə söhbətində Kerç boğazı üzərindəki körpüyə hücum barədə də danışıb. Onun sözlərinə görə, Putin bu hücuma “çox qəzəblənib”.
“The Economist” jurnalının müəllifləri isə hesab edirlər ki, Avropa Rusiyaya təzyiqi getdikcə artırdığı halda, Tramp Putinə güzəştlər etməyə və ona müxtəlif imkanlar yaratmağa davam edir.
Nəşrin məlumatına görə, ABŞ bu il Rusiya qurumlarına qarşı ləğv etdiyi məhdudiyyətlərin sayına görə tətbiq etdiyi yeni məhdudiyyətlərin sayını üstələyib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə