Toto Volff: "Sabitlik yerinə "etibarlılıq" sözünü seçərdim"


"Mersedes" komandasının rəhbəri Toto Volff Mühəndislər Kubokunun qazanılmasından sonra pilot Corc Rassellin onun ünvanına səsləndirdiyi təriflərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu uğurun təməlində "sabitlik"dən daha çox "etibarlılıq" və sağlam iş mühitinin dayandığını vurğulayıb:
"Sabitlik, şübhəsiz ki, amillərdən biridir. Lakin biz xeyli yeni əməkdaş da işə götürmüşük. Ona görə də bu məqamda "sabitlik" yerinə "etibarlılıq" sözünə üstünlük verərdim. Biz insanları asanlıqla işdən çıxarıb yenilərini gətirən təşkilat deyilik. Komandada inkişaf etməyin mümkün olduğu, səhv etməyə və fikir bildirməyə icazə verilən bir mədəniyyət və atmosfer qoruyub saxlayırıq. Əminəm ki, bir neçə il deyil, onilliklər boyu uğurlu olmaq istəyirsinizsə, komandaya məhz bu yanaşmanı aşılamaq lazımdır. Biz də bunu etməyə çalışırıq".
Xatırladaq ki, britaniyalı sürücü ciddi daxili dəyişikliklər etmədən komandanı yenidən qələbələrə qaytardığına görə meneceri yüksək qiymətləndirmişdi.