"Torpağımı satıb uşaqları evləndirdim, indi də dəstəsi 50 qəpiyə gül satıram" - REPORTAJ


Soyuq havada əllərini bir-birinə sürtərək küçənin kənarında gül satan yaşlı kişi diqqətimi çəkir. Əynində köhnə, nimdaş pencək, qarşısında isə həyətində öz əlləri ilə yetişdirdiyi güllər var. Gülləri satarkən üzündən təbəssüm əskik olmur. Yaxınlaşıb söhbət etmək, onu videoya çəkmək istəyirəm. Amma tərəddüd edir: “Məni çəkmə, adam utanır, kənd uşaqları görəcək...”
Bakının “8-ci kilometr bazarı”nın yaxınlığında küçədə rastlaşdığım 66 yaşlı Mahir kişi Bilgəhdə yaşayır. Onun gündəlik qazanc mənbəyi öz həyətində əkib-becərdiyi güllərdir. Səhər tezdən durub həyətindən gül yığır, sonra Bakıya üz tutur. Hər dəstəsini 50 qəpiyə satır. Bəzən günün sonunda cibinə cəmi 10 manat qoyub evə qayıdır. Ancaq bu 10 manat da ona asan başa gəlmir. Küçədə dayanıb satış etmək qadağandır. Cərimələnmək, yaxud aparılmaq qorxusu ilə ətrafa tez-tez nəzər salır. Söhbətimiz zamanı da gah sağa, gah sola baxır. Sanki bir tərəfdən dolanışığını təmin etməyə, digər tərəfdən cəzadan yayınmağa çalışır.
“Uşaqlıqdan həyətimizdə gül olub. Əvvəllər qapının ağzında satırdıq. Satılmayanda bazara gətirirəm. Özüm əkirəm, özüm becərirəm. Bir dəstəsini 50 qəpiyə verirəm”, – deyə bildirir.
Onun iki qızı, bir oğlu, nəvələri var. Qızları ailəlidir, oğlu isə nişanlıdır. Həyat yoldaşının 60 yaşı var və xəstədir. Mahir kişinin isə gəlirləri məhduddur.
“Pensiyaya çıxmışam, amma 220 manat yaşa görə sosial müavinət alıram. Çünki cəmi 15 il işləmişəm. Çox kasıb yaşayırıq. Həyətimdən hissə-hissə yer satıb qızlarımı evləndirmişəm. İndi də güllər, göyərti əkib satmasaq, yaşamaq mümkün deyil”, – deyə danışır.
Mahir kişinin bir vaxtlar daimi işi də olub. “Kaspar Hotel”də mühafizəçi işləyib. Ancaq həmin işdən sonra bir daha rəsmi iş yeri olmayıb. İndi isə dolanışığını həyətində yetişdirdiyi bitkilərin hesabına təmin etməyə çalışır.
Söhbət əsnasında gününün necə keçdiyini də danışır. Səhər tezdən durub gülləri yığır, satış üçün buraya gəlir. Bilgəhdən şəhərə gəlib-getməyin yol xərci isə 3 manatdır.
“Bura səhər tezdən gəlmişəm. Gülləri yığıb gətirmişəm. Günorta saat ikinin yarısıdır. Yol puluna 3 manat verirəm. Bu güllərdən bəzən 10 manat qazanıram. Satıb qurtaran kimi evə gedəcəyəm”, – deyir və yenə gülür.
Amma bu gülüşün arxasında yorğunluq və soyuqdan üşüyən bir insanın narahatlığı hiss olunur.
“Soyuqdan donuram. Hər gün gəlmirəm. Şənbə, bazar günləri gəlirəm” – deyə Mahir kişi bildirir.
Mahir kişinin sözlərində inciklik də var, çarəsizlik də. O, küçədə satış etməyin qadağan olunduğunu bilir. Ancaq başqa çıxış yolu da görmür. Bir tərəfdə ailə məsuliyyəti, üstəlik, qış aylarında gəlirin daha da azalması...
“Qışda gül olmur. Elə 220 manatla arvadımla dolanırıq. Oğlum da öz ailəsi üçün pul yığır. Müharibə veteranıdır, hava limanında işləyir. Veteran olduğu üçün onu işə götürüblər. Mən də özüm birtəhər dolanıram”, – deyə əlavə edir.
Bir qədər sonra yenidən güllərinə baxır. Sanki söhbətin bitməsini, alıcıların yaxınlaşmasını gözləyir. Hər satılan dəstə onun üçün qazancdan daha çox evə aparacağı bir neçə qəpik, bir neçə manat deməkdir.
Şahanə RəhimliMusavat.com
1 mənbə
