“Əsas meyar yaş deyil, peşəkarlıqdır” - Deputatdan Məleykə Abbaszadəyə dəstək


"Bu gün cənab Prezident İlham Əliyevin Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi ilə bağlı imzaladığı sərəncamı çox dəyərli və əhəmiyyətli bir addım hesab edirəm. Bakı Dövlət Universiteti 100 ildən artıq tarixə, zəngin elmi ənənələrə və dövlətçilik tariximizdə xüsusi yerə malik ali təhsil ocağıdır. Hesab edirəm ki, Məleykə Abbaszadənin bu nüfuzlu təhsil müəssisəsinə rektor təyin olunması universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir dövrün tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanmasına və BDU-nun beynəlxalq nüfuzunun daha da artırılmasına mühüm töhfə verəcək".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov feysbuk hesabında yazıb.
"Qeyd etmək istəyirəm ki, bir deputat və ya vətəndaş kimi Məleykə xanımla indiyədək şəxsi tanışlığım və ünsiyyətim olmayıb. Bu da təbiidir, çünki fəaliyyət sahələrimiz fərqlidir. Eyni zamanda, bu fikirləri səsləndirməyim üçün heç kimdən hər hansı xahiş və ya tövsiyə almamışam. Sadəcə, bu təyinatı yüksək dəyərləndirdiyim üçün bir vətəndaş kimi öz mövqeyimi ifadə etməyi özümə borc bildim. Məleykə xanımın Dövlət İmtahan Mərkəzinə rəhbərlik etdiyi dövrdə bu qurumun fəaliyyətini diqqətlə izləmişəm. Həmin illərdə onun rəhbər kimi fəaliyyəti məndə müsbət fikir formalaşdırıb.
Məlumdur ki, Dövlət İmtahan Mərkəzi yaradılana qədər ali məktəblərə qəbul prosesində şəffaflıqla bağlı müəyyən problemlər mövcud idi. Bilik və bacarığı olan abituriyentlərin bəzən müxtəlif neqativ hallara görə layiq olduqları yerləri əldə edə bilməməsi cəmiyyətdə narahatlıq doğururdu. Dövlət İmtahan Mərkəzinin yaradılması ilə qəbul prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində mühüm dəyişikliklər baş verdi. Bilik əsas meyara çevrildi və abituriyentlərin öz biliklərinə uyğun ali təhsil müəssisələrinə qəbul olunması üçün daha etibarlı sistem formalaşdı. Mənim müşahidələrimə görə, Məleykə Abbaszadənin rəhbərliyi dövründə bu prinsipial yanaşma və obyektivlik qorunub saxlanıldı".
Millət vəkili hesab edir ki, dürüstlük ilk növbədə rəhbərin öz vəzifəsinə məsuliyyətli münasibətinin, idarəetmə prinsipiallığının və peşəkarlığının nəticəsidir:
"İnanıram ki, Məleykə xanım universitet rəhbəri kimi də həmin idarəçilik təcrübəsini, tələbkarlığı və obyektivlik prinsipini Bakı Dövlət Universitetində tətbiq edəcək. Universitetdə elmi mühitin gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, akademik dürüstlüyün qorunması və müasir idarəetmə standartlarının tətbiqi istiqamətində yeni uğurlara imza atılacaq".
O qeyd edib ki, sosial şəbəkələrdə onun yaş amilini əsas gətirərək bu təyinata fərqli yanaşanlara da rast gəlinir:
"Lakin hesab edirəm ki, belə mühüm və məsuliyyətli vəzifəyə təyinat zamanı əsas meyar insanın yaşı deyil, onun peşəkarlığı, idarəetmə təcrübəsi, prinsipiallığı və qazandığı ictimai etimad olmalıdır.
Bakı Dövlət Universiteti bizim üçün sadəcə ali təhsil müəssisəsi deyil, milli elmimizin və təhsil tariximizin mühüm sütunlarından biridir. Bu müqəddəs təhsil ocağına yüksək idarəetmə bacarığına, zəngin təcrübəyə və təmiz fəaliyyət nümunəsinə malik bir şəxsin rəhbər təyin olunması universitetin yeni dövrün çağırışlarına uyğun inkişafına, elmi və tədris fəaliyyətində yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq. Məleykə Abbaszadəni bu məsuliyyətli və şərəfli təyinat münasibətilə təbrik edir, ona Bakı Dövlət Universitetinin inkişafı, elmi potensialının gücləndirilməsi və nüfuzunun daha da yüksəldilməsi istiqamətində uğurlar arzulayıram. İnanıram ki, bu təyinat Bakı Dövlət Universitetinin tarixində yeni və uğurlu bir mərhələnin başlanğıcı olacaqdır".
Xədicə BAXIŞLI
1 mənbə