Tək qadının səssiz qiyamı - "Nabat"ın acısı


Müharibə bəşəriyyətin ən böyük fəlakətidir. Lakin onun gətirdiyi dağıdıcılığı anlamaq üçün hər zaman cəbhədə olmağa, oradan verilən reportajlara ehtiyac qalmır. Bəzən tərk edilmiş bir kəndin sükutu, söndürülmüş çıraq və oğul itkisinin acısını ürəyində daşıyan bir ananın baxışları müharibənin bütün dəhşətini göstərməyə yetir.
İstedadlı rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi məhz bu fəlsəfə üzərində qurulub. Müasir Azərbaycan kinosunun ən uğurlu əsərlərindən sayılan bu film tamaşaçıya bütöv bir xalqın taleyini və qadın mənəviyyatının sarsılmaz gücünü təqdim edir. Filmin sanbalı onun dialoqsuz, azdanışıqlı, vizual təhkiyəyə əsaslanan rejissor həllindədir. Mütəxəssislər yazırlar ki, rejissor Elçin Musaoğlu "göstər, amma demə" prinsipinə sadiq qalaraq gizli və metaforik kadrlarla tamaşaçını hadisələrin içinə çəkir.
Hadisələr 1990-cı illərin əvvəllərində, müharibənin alovlandığı Qarabağ kəndlərindən birində cərəyan edir. Erməni hərbi birləşmələrinin hücum təhlükəsinə görə kənd əhalisi təxliyə olunub. Lakin yeganə oğlu şəhid olan, qoca və xəstə əri İsgəndərlə kəndin kənarında yaşayan Nabat xala öz yurdunu, oğlunun məzarını qoyub gedə bilmir. Ərinin ölümündən sonra isə o, kimsəsiz kənddə tamamilə tək qalır.
Filmin ən təsirli xətti Nabatın təkbaşına qaldığı kəndi yaşatmasıdır. Düşmən kəndin boşaldığını bilib ora daxil olmasın deyə, yaşlı qadın hər axşam boş evləri gəzir, oradakı neft çıraqlarını yandırır və məsciddən azan səsi ucaldır. O, təkbaşına bir ordunun qorxusuna qarşı dayanır, kəndin çıraqlarını yandırmaqla ümidi, həyatı və doğma torpağa olan sonsuz sədaqəti simvolizə edir. Nabat sadəcə bir ana deyil, o, tərk edilmiş Vətən torpağının kimsəsiz, amma başını dik tutan ruhudur.
Filmin ilk dəqiqələrində tamaşaçı baxışlarını təpə üzərində yerləşən daxmadan sonu bilinməyən yola qədər uzadır. Bu gözün yolçuluğu, həyatda olduğu kimi, ekranda da, Nabat ananın yaşadığı hər bir yolun izinə şahidlik edir. O yol ki, haradan başladığı bəlli olsa da, harada bitəcəyi filmin qəhrəmanını və tamaşaçını da düşündürür. Yol isə bitmir. Film boyu Nabat xalanın hər iki əlinə süd balonu alıb, onları satmaq üçün yola çıxdığını görürük. Ərini və özünü saxlamaq üçün süd satmaqla məşğul olan bu vüqarlı xanım kəndi gəzərkən salam verdiyi qonşuların evlərini tərk etmək üçün yığışdığını görür. Bu köçün qəhrəmanın baxışlarında yaratdığı yadlıq hissi bir neçə saniyəlik ümumi planlarla tamaşaçıya ötürülür. Və bununla rejissor filmin irəliləyən dəqiqələrində kəndin taleyi ilə bağlı artıq təsəvvür yaratmış olur.
Nabat xalanın isə hələ danışmağa, daha doğrusu, süd satmağa adamları var. Lakin Nabatın kənd sakinləri - Telli və oğlu Qiyasla söhbəti zamanı məlum olur ki, elə Telli xalanın qızı da güllə səslərinin uşaqda yaratdığı səksəkə səbəbindən kənddən rayon mərkəzinə köçüblər. Artıq süd almağa adam da yoxdur. Buna baxmayaraq, o, ənənəsinə sadiq qalaraq kənddə hamı köçən günə qədər hər səhər südü satmaq üçün yola çıxır.
Baş rolu canlandıran məşhur İran aktrisası Fatemeh Motamed-Arya (Fatimə Motamed Arya) Nabat obrazına inanılmaz bir canlılıq, reallıq gətirib. Demək olar ki, sözsüz - yalnız baxışları, yorğun addımları, çiyinlərindəki ağır kədəri və dik duruşu ilə o, Azərbaycan qadınının, fədakar anasının ümumiləşdirilmiş obrazını yaradıb. Onunla ekran bölüşən Vidadi Əliyev (İsgəndər rolu) və digər aktyorların minimalist, lakin daxili gərginliklə zəngin oyunu filmin dramatik təsirini yüksək səviyyəyə çatdırır.
Nabat xalanın həyat yoldaşı onun əməyinə qiymət verməklə yanaşı, bir qədər də öz vəfatından sonra həyat yoldaşının təkliyindən nigarandır. Mütəxəssislər yazırlar: "Nabat xala isə öz növbəsində həm ərinə, həm oğlunun məzarına son dərəcə sadiq vətənpərvər Azərbaycan qadınıdır. Nabat xalanın ərinin dünyasını dəyişməsi səhnəsi birbaşa deyil, dolayı yolla - Ağcanın südünün bitməsi, daxmanın pəncərəsinin açılaraq bağlanması və sonda inəyin vedrəyə təpik vuraraq itələməsi, kənddə yalnız Nabatın qalmasına işarə edir… Filmin ortalarından Nabat xalanın yalnızlığını görürük. Yağışlı havada ərini dəfn etməyə gedən qəhrəmanın iri planda verilməsi, göz yaşlarının da yağışa qarışaraq sanki onun əvəzinə nələrisə deməyə çalışdıqlarını göstərir. Əziyyət çəkən təkcə o deyil… Bir də Nabat xalanın halına "ağlayan" Ağca inəyi var. Nabatın əri üçün çəkdiyi sonuncu əziyyət, torpağı qazdıqdan sonra gücündən istifadə edərək "başdaşını" oraya qaldırmaq olur".
"Nabat" filmi Azərbaycan kino sənətinin son illərdə qazandığı ən böyük vizual və dramatik nailiyyətlərdən biridir. Rejissor Elçin Musaoğlunun 2014-cü ildə ərsəyə gətirdiyi bu ekran əsəri illər keçsə də, onun daşıdığı bəşəri mesaj, insan iradəsinin və ana fədakarlığının ən çətin sınaq anlarındakı möhtəşəm təsviri öz bədii təsir gücünü qoruyub saxlayır. 71-ci Venesiya Beynəlxalq Kinofestivalının "Horizontlar" proqramında nümayiş olunan film İtaliya mətbuatında ("ArtsLife" jurnalı) "Müharibəyə qarşı mübarizə aparan tənha qadın" başlığı ilə yüksək qiymətləndirilmişdir. Dünyanın fərqli ölkələrində keçirilən festivallarda mükafatlara layiq görülən bu əsər Azərbaycanın Qarabağ ağrısını və haqlı mübarizəsini siyasi şüarlarla deyil, sənətin saf və bəşəri dili ilə dünyaya tanıtdırır.
"Nabat" sadəcə baxılıb keçiləcək bir film deyil, o, baxıldıqdan sonra insanı uzun müddət sükuta və düşüncəyə qərq edir. Bu ekran əsəri sübut etdi ki, böyük dərdləri və haqlı mübarizəni anlatmaq üçün qışqırmağa ehtiyac yoxdur. Ən güclü haray - ən səssiz duruşun içində gizlənir.
Tammetrajlı bədii filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
İradə ƏLİYEVA,
"Azərbaycan"