Tarixi zəfərin, yenidənqurmanın və dirçəlişin rəmzi


20 Noyabr – Ağdam şəhəri günü: Böyük Qələbədən yenidənqurma və intibaha Qədim tarixi köklərə malik olan bu diyar haqqında tədqiqatlar, bölgənin tarixi, elmi-arxeoloji əhəmiyyəti və “Ağdam” etimologiyası barədə elmi yanaşmalar bu adın “ağ ev”, “nurlu, abad məskən” anlamlarını daşıdığını təsdiqləyir. 1930-cu ildə Ağdam rayonunun yaradılması inzibati və təsərrüfat həyatında mühüm dönüş nöqtəsi olsa da, sonrakı onilliklərdə Ermənistanın işğalçılıq siyasəti bu yurdu ağır sınaqlarla üz-üzə qoydu. 1993-cü ildə Ağdamın işğalı zamanı rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri nəticəsində şəhər tamamilə talan edildi, dinc əhali kütləvi şəkildə yurd-yuvasından didərgin salındı. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamə işğalçı qüvvələrin bölgədən dərhal çıxarılmasını tələb etsə də, bu qərar illər boyu kağız üzərində qaldı və dağıntıların miqyasına görə dünyaya “Ağdam – Qafqazın Xirosiması” adı ilə tanındı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi zəfər və 10 noyabr 2020-ci il tarixli bəyanatın gücü – işğalçı Ermənistan qüvvələrinin Ağdamdan çıxarılmasını şərtləndirərək rayonun qan tökülmədən azad olunmasını təmin etdi. Şanlı zəfərimizin əbədiləşdirilməsi üçün “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi bu böyük tarixi hadisənin xalqımızın yaddaşında əbədi yaşamasına xidmət göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri azadlıqdan dərhal sonra genişmiqyaslı quruculuq strategiyasının əsasını qoydu və Ağdamın əvvəlki şöhrəti bərpa olunmağa başlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bölgənin müasir memarlıq və mühəndislik prinsipləri əsasında sıfırdan qurulmasına güclü təkan verdi. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq şəhərdə müasir yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, geniş yol şəbəkəsi və ekoloji cəhətdən təmiz zonalar inşa edilir. Eyni zamanda, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi sərnişindaşıma və yük dövriyyəsini asanlaşdıraraq şəhəri Qarabağın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirir.İqtisadi potensialın hərəkətə gətirilməsi baxımından Ağdam Sənaye Parkı mühüm əhəmiyyət daşıyır; burada fəaliyyətə başlayan yeni istehsal müəssisələri məşğulluğun artmasına, yerli sənayenin güclənməsinə və sahibkarlığın inkişafına geniş imkanlar açır. Bununla yanaşı, Ağdamda turizm infrastrukturu qurulur, tarixi-mədəni irsin tanıdılması və qonaqların yüksək səviyyədə qarşılanması üçün müasir mehmanxana və xidmət obyektləri yaradılır. Mənəvi və mədəni həyatın dirçəlişində isə Ağdam Muğam Mərkəzi xüsusi yer tutur və bu ocaq Qarabağ muğam məktəbinin zəngin ənənələrini yenidən öz doğma ünvanında yaşadır.Hazırda Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinin və kəndlərinin məskunlaşması davam edir, doğma torpaqlarına qayıdan sakinlər üçün bütün zəruri sosial-məişət şəraiti təmin olunur. Uzun illər sükuta qərq olmuş küçələrdə yenidən həyatın canlanması, müasir infrastrukturun qurulması və insanların öz evlərinə dönməsi dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin parlaq təcəssümüdür. 20 Noyabr – Ağdam şəhəri günü zəfər tariximizin qürur səhifəsi olmaqla yanaşı, viran qalmış bir şəhərin müasir, abad və dinamik inkişaf edən məkana çevrilməsinin rəmzidir.
Şamo Qasımov YAP Laçın rayon təşkilatının sədr müavini