Naxçıvanda “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” ilə əlaqədar tədbir keçirilib


Siyasət
0 0
Bugün 17:57
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Sarayda “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək günün əhəmiyyətindən ətraflı danışaraq bildirib ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti çərçivəsində bu gün uşaq hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması, təhsil imkanlarının genişləndirilməsi və layiqli vətəndaş kimi formalaşması istiqamətində mühüm və ardıcıl işlər görülür. Həmçinin uşaqların himayədarı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi humanitar təşəbbüslər uşaq hüquqlarının müdafiəsinə, xüsusilə həssas qruplardan olan uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verir. Komitə sədri cari il ərzində dövlət uşaq siyasətinin həyata keçirilməsi sahəsində 111 tədbir, 34 görüş, 9 seminar, 7 təlim, 2 ustad dərsi keçirilmiş, 1 festival, 2 ekskursiya, 1 yay düşərgəsi və 1 yaradıcılıq müsabiqəsi təşkil edilmişdir. Bununla yanaşı, uşaq hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi məqsədilə 68 monitorinq aparılmışdır. Keçirilən tədbirlərdən ümumilikdə 10342 nəfər yararlanmış, 6291 təbliğat materialı paylanılmış, 1333 nəfər arasında sorğu keçirilmiş, maarifləndirmə məqsədilə 263 poster elan lövhələrində yerləşdirilmişdir. Ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Onların sağlamlığının qorunması, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, düzgün tərbiyə olunması, eləcə də cəmiyyətin ictimai-mədəni həyatında iştiraklarının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Sonda Komitə sədri bütün uşaqları “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və firavan gələcək arzulayıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdir müavini Hüseyn Hacıyev çıxışında bildirib ki, 20 noyabr tarixi bütün dünyada uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsinə diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasının, onların təhlükəsiz və sağlam mühitdə böyüməsinin, hərtərəfli inkişafı üçün bərabər imkanların yaradılmasının vacibliyini bir daha diqqətə çatdırır. Uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində dövlət siyasətinin əsas məqsədi hər bir uşağın layiqli həyat səviyyəsinin, zəruri maddi və məişət şəraitinin təmin olunması, habelə onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli mühitin yaradılmasıdır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsilə əlçatanlığının təmin edilməsi və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində dövlət siyasəti çərçivəsində təhsil və idman sahələrində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Sonda Hüseyn Hacıyev uşaqları “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə təbrik edib. Tədbir müddəti ərzində “Fırçanla hüquqlarını bəyan et” rəsm müsabiqəsi keçirilib və münsiflər tərəfindən müsabiqənin qalibləri müəyyənləşib. Həmçinin cari il ərzində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahələrində fərqlənən uşaqlara, həm də “Fırçanla hüquqlarını bəyan et” rəsm müsabiqəsinin qaliblərinə Komitə tərəfindən diplom və hədiyyələr təqdim olunub. Daha sonra sosial qayğıya ehtiyacı olan 65 uşağa qış geyimləri verilib. Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qruplarının musiqi nömrələri, 8 nömrəli körpələr evi-uşaq bağçasının və “Happy Kids” ingilis təmayüllü uşaq bağçasının balaca fidanlarının hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib və onlara bayram hədiyyələri təqdim edilib. Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
1 mənbə
