Tarixdə ən böyük enerji təchizatı böhranının təsirləri onun davametmə müddətindən asılı olacaq - Hesabat


Bakı, 19 noyabr, AZƏRTAC
Dünya tarixində ən böyük enerji təchizatı böhranı qlobal enerji sektorunda ciddi dəyişikliklərə səbəb ola bilər. Böhranın nə qədər davam etməsi hökumətlərin enerji siyasətinə, risklərin qiymətləndirilməsinə, eləcə də artan enerji tələbatının ödənilməsində istifadə olunan yanacaq və texnologiyaların strukturuna uzunmüddətli təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilir.
Qeyd olunur ki, dünya ölkələri tarixdə ən böyük enerji təchizatı şoku və bir sıra digər risklərlə üzləşdiyi üçün enerji sektorunun gələcək inkişaf ssenariləri də genişlənir. Hökumətlərin mövcud böhrana cavab olaraq qəbul edəcəkləri qərarlar isə qarşıdakı illərdə qlobal enerji mənzərəsini yenidən formalaşdıra bilər.
Hesabat enerji sektorunun gələcək inkişaf istiqamətlərini qiymətləndirmək üçün müxtəlif yanacaq növləri və texnologiyalar üzrə aktual məlumatları, ətraflı modelləşdirmə və təhlilləri əhatə edir. Sənəd Yaxın Şərqdəki münaqişənin və Hörmüz boğazından keçən gəmiçilikdə yaranan fasilələrin dünya enerji bazarlarına təsirinin qlobal miqyas aldığı bir dövrdə hazırlanıb. Bu proseslər geosiyasi gərginliklər, ticarət münaqişələri, iqlim risklərinin artması, kiberhücumlar və enerji infrastrukturuna qarşı digər təhdidlər fonunda baş verir.
Bildirilir ki, qlobal əhalinin artması və gəlirlərin yüksəlməsi insanların enerji xidmətlərinə – nəqliyyat, isitmə, soyutma və hesablama gücünə tələbatını artıracaq. Qlobal temperaturun yüksəlməsi də bu təzyiqləri gücləndirir. Sənəddə diqqətə çatdırılır ki, tarixdə ilk dəfə binaların soyudulması üçün tələb olunan enerji həcmi onların isidilməsi üçün tələb olunan enerji həcmini üstələyib.
Bu şəraitdə Hörmüz boğazındakı böhran bir çox ölkəni enerji strategiyalarına yenidən baxmağa, mövcud həssaslıqları azaltmağa və enerjinin əlçatanlığını yaxşılaşdırmağa sövq edib. Ölkələrin yanaşmaları fərqlənsə də, hesabatda bir sıra ümumi tendensiyalar müəyyənləşdirilir. Bunlara enerji təchizatı mənbələrinin, ticarət marşrutlarının, yanacaq növlərinin və texnologiya təchizatı zəncirlərinin şaxələndirilməsi, yerli enerji resurslarına üstünlük verilməsi və elektrikləşmənin sürətləndirilməsi daxildir.
Yerli enerji resurslarına keçiddən ən çox faydalanacaq sahələrin isə bərpaolunan enerji, xüsusilə günəş fotovoltaik enerjisi və nüvə energetikası olacağı gözlənilir. Hesabatın bütün ssenarilərində bu sahələr üzrə ciddi artım proqnozlaşdırılır. Enerji səmərəliliyinin yüksəldilməsi və bioyanacaqların istifadəsi də genişlənə bilər. Bəzi ölkələrdə yerli qalıq yanacaq ehtiyatlarından istifadənin artırılması da gündəmə gələ bilər.
Bu tendensiya xüsusilə Asiyada kömürə tələbatın daha uzun müddət yüksək qalmasına səbəb ola bilər. Belə ki, neft və qaz idxalından asılı olan bir sıra Asiya ölkələri əhəmiyyətli kömür ehtiyatlarına malikdir və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar hökumətləri bu yanacaq növündən istifadəyə davam etməyə təşviq edə bilər.
Eyni zamanda, hazırkı böhran iqtisadiyyatın müxtəlif sahələrində elektrik enerjisindən istifadəyə keçidi sürətləndirir. 2019-cu ildən bəri qlobal elektrik enerjisinə tələbat dünya iqtisadiyyatının artım tempini üstələyib və ümumi enerji tələbatından iki dəfə sürətlə artıb. Buna sənayedə elektrik mühərriklərinin, məişət cihazlarının, kondisionerlərin, elektrik avtomobillərinin, istilik nasoslarının və məlumat mərkəzlərinin sayının artması təsir göstərib.
Qeyd olunur ki, 2035-ci ilədək elektrik enerjisinə tələbat daha sürətlə artacaq və bütün ssenarilərdə onun yekun enerji istehlakındakı payı qlobal miqyasda 30 faizə yaxınlaşacaq. Yanacaq qiymətlərindəki dəyişkənlik də elektrikləşmənin strateji əhəmiyyətini artırır. Böhrandan təsirlənən bəzi ölkələrdə elektriklə işləyən texnologiyaların satışında, günəş panelləri və batareyaların ticarətində, eləcə də elektrik avtomobillərinə tələbatda kəskin artım qeydə alınıb.
Hesabatda böhranın digər mühüm nəticələrinə də diqqət çəkilir. Bildirilir ki, mövcud vəziyyət xüsusilə inkişaf etməkdə olan və formalaşmaqda olan iqtisadiyyatlarda enerji əlçatanlığının yaxşılaşdırılması istiqamətində son dövrlərdə əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. 2025-ci ildə elektrik enerjisinə və təmiz bişirmə texnologiyalarına çıxış imkanları genişlənsə də, 2026-cı ildə yanacağın bahalaşması və təchizat çatışmazlığı bu sahədə gələcək irəliləyişləri ləngidə bilər.
Böhran qlobal miqyasda aşağı emissiyalı enerji texnologiyalarının tətbiqini sürətləndirsə də, mövcud və bəyan edilmiş siyasətlər əsasında formalaşan inkişaf trayektoriyaları ilə qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa imkan verən ssenari arasında ciddi fərq qalmaqdadır. Mövcud siyasətlərə əsaslanan ssenarilərdə temperatur artımının 2,5-2,9 dərəcə Selsiyə çatacağı proqnozlaşdırılır.
IEA-nın icraçı direktoru Fatih Birol vurğulayıb ki, hazırkı böhranın yaratdığı təzyiqlər qarşıdakı onilliklərdə enerji təhlükəsizliyini, dayanıqlılığı və iqtisadi rifahı müəyyən edəcək seçimləri kölgədə qoymamalıdır. Onun sözlərinə görə, ölkələr öz resurslarına, şəraitlərinə və prioritetlərinə uyğun fərqli inkişaf yolları seçəcəklər. Bununla belə, bütün dövlətlərin daha təhlükəsiz, əlçatan və dayanıqlı enerji sisteminin qurulmasında, eləcə də bu məqsədə nail olmaq üçün səmərəli beynəlxalq əməkdaşlığın gücləndirilməsində marağı var.
