Tarix, aclıq və səs-küylü qanun layihələri


Uelsli boksçu Lauren Prays peşəkar karyerasında növbəti mühüm sınağa çıxır. O, noyabrın 20-də Kardiffdə çexiyalı Michaela Kotaskova ilə qarşılaşacaq. Qələbə Praysa yarımorta çəki dərəcəsində mütləq dünya çempionu olmaq imkanı verəcək.
Publika.az xəbər verir ki, BBC Sport-un yazdığına görə, 32 yaşlı idmançı peşəkar rinqdə keçirdiyi 10 döyüşün hamısında qalib gəlib və bu müddətdə dörd əsas dünya titulundan üçünü əldə edib. Qarşıdakı görüşdə qazanacağı kəmər isə onu Uels tarixində mütləq dünya çempionu statusuna yiyələnən ilk boksçu edə bilər.
Bu nəticəyə vaxtilə Uelsin əfsanəvi boksçusu Co Kalsagi də nail ola bilməyib. Praysın qarşısında isə təkcə titul qazanmaq deyil, həm də ölkəsində boksun populyarlığını yeni səviyyəyə qaldırmaq məqsədi dayanır.
İdmançı gələcəkdə Kardiffdəki “Principality” stadionunda döyüş keçirmək arzusundadır. Onun sözlərinə görə, bu hədəf bəzilərinə qeyri-real görünə bilər, amma arxasında bütöv bir xalqın dəstəyini hiss edir.
Praysın promouteri Ben Şalom da onun böyük arenalarda döyüşmək potensialına malik olduğunu düşünür. O, boksçunun gələcəkdə İrlandiyalı Keti Teylor kimi böyük stadionlarda on minlərlə tamaşaçı qarşısında çıxış edə biləcəyinə inanır. Teylor sentyabrda Dublindəki “Krok Park” stadionunda 83 min azarkeşin izlədiyi döyüşlə karyerasını başa vurub.
Bununla belə, Praysın qarşısında daha ciddi rəqiblərlə üzləşmək və böyük qarşıdurmalar yaratmaq vəzifəsi də var. Onun indiyədək rəqiblərini inamlı şəkildə məğlub etməsi rəqabətli döyüşlərin formalaşmasına imkan verməyib. Mütəxəssislər hesab edirlər ki, dünya miqyaslı ulduza çevrilməsi üçün Praysa güclü rəqiblərlə prinsipial qarşılaşmalar lazımdır.
Çexiyalı Kotaskova isə qarşıdakı döyüşdə sürpriz edə biləcəyinə inanır. 35 yaşlı boksçu 15 peşəkar görüşün yalnız birində məğlub olub. Həmin yenilgi də apreldə Çantelle Kemerona qarşı xal hesabı ilə qeydə alınıb.
Prays isə iddialı hədəflərindən geri çəkilmək niyyətində deyil. O, gələcəkdə bütün əsas kəmərləri qazanmaqla yanaşı, müxtəlif çəki dərəcələrində də dünya çempionu olmağı planlaşdırır. Promouteri Şalom hətta onun hazırda qadın boksunun ən güclü simalarından sayılan Klares Şildsi taxtından sala biləcək potensiala malik olduğunu düşünür.
Kardiffdə keçiriləcək döyüş BBC Two Wales və BBC iPlayer platformalarında yayımlanacaq.